ETN Botanika İnstitutunda keçirilən “Meşə tiplərinin tədqiqi və davamlı inkişafı” adlı beynəlxalq konfrans davam edir.
Tədbirin ikinci günü Azərbaycan-Macarıstan komandası tərəfindən meşə tədqiqatlarına həsr olunmuş interaktiv seminar keçirilib.
İnstitutunun baş direktoru, professor Səyyarə İbadullayevanın sədrliyi ilə baş tutan tədbirdə yerli və xarici alimlər iştirak ediblər.
Seminarda professor S.İbadullayevanın “Meşələrin idarə olunması və meşə təsərrüfatlarının yaradılması”, Macarıstanın HUN-REN Ekoloji Tədqiqatlar Mərkəzi Ekologiya və Botanika İnstitutunun direktoru, professor Péter Ódor və Pilis Park Meşə Təsərrüfatı Şirkətinin direktor müavini Dr. Péter Csépányi “Macarıstanda meşələrin idarə edilməsi və mühafizəsi”, Ekoloji Tədqiqatlar Mərkəzinin əməkdaşları Dr. László Demeter “Mülayim palıd meşələrinin inteqrativ idarə edilməsi üçün tarixi və indiki biliklərin sintezi” və professor Zsolt Molnár “Torpağın daha yaxşı idarə edilməsi və mühafizəsi üçün yerli torpaq istifadəçiləri ilə əməkdaşlıq və biliklərin birgə istehsalı” mövzularında maraqlı təqdimatlarla çıxış ediblər. Prof. Zsolt Molnár təqdimatında “Çoban Laszlo Safián ilə otlaqda günorta” adlı sənədli film nümayiş olunub. Mövzular ətrafında geniş müzakirələr aparılıb, suallar cavablandırılıb.
Tədbirdə professor S.İbadullayeva meşələrin qorunması və bərpasına dair müştərək layihələrin və tədqiqatların aparılması, gənc kadrların təcrübə proqramında iştirakı məsələlərini macarıstanlı alimlərlə birgə müzakirə edib, AR ETN Botanika İnstitutda “Meşə qrupu”nun yaradılması ilə bağlı qərar qəbul olunub.
Pakistanın Quaid-i-Azam Universitetinin Bitki Elmləri şöbəsinin professoru Muhammad Zafar iştirakçılar arasında interaktiv oyun keçirib, qaliblər simvolik hədiyyələrlə mükafatlandırılıb.
Sonda professor Səyyarə İbadullayeva tərəfindən konfransın fəal iştirakçılarına sertifikat təqdim olunub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.