Elm və Təhsil Nazirliyinin Kataliz və Qeyri - üzvi Kimya İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib.
İclası açıq elan edən institutun baş direktoru akademik Dilqəm Tağıyev qeyd edib ki, tədbir 2 bayram ərəfəsinə təsadüf edir. Belə ki, 15 iyun - Milli Qurtuluş Günü və 26 iyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələri günüdür. Bununla əlaqədar tədbir iştirakçıları Ulu öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Akademik bildirib ki, Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilas günüdür. Xalqımızın azadlığının, müstəqil dövlətçiliyinin müqəddəratının həll edildiyi ən ağır günlərdə Heydər Əliyevin öz xalqının iradəsinə tabe olaraq ölkə rəhbərliyinə qayıtmaqla müstəqil Azərbaycan Respublikasını, Azərbaycan xalqını, milli azadlıq hərəkatında qazanılmış tarixi nailiyyətləri məhv olmaqdan xilas etmək kimi çox çətin və şərəfli bir missiyanı öz üzərinə götürüb və bu meydana atılan böyük ürəkli vətən oğlunun öz xalqı, vətəni qarşısında misilsiz fədakarlığı idi. Sonra akademik 44 günlük vətən müharibəsində və sonrakı dövrlərdəki, hadisələrdən, əsgərlərimizin göstərdikləri şücaətlərdən danışıb. Dilqəm Tağıyev qeyd edib ki, müxtəlif mənbələrdən və ünvanlardan müxtəlif təzyiqlərin, təhdidlərin olmasına rəğmən Azərbaycan zəfər çalıb. Müzəffər Ali Baş Komandan bununla tarixi ədaləti və suverenliyimizi bərpa edib.
Daha sonra akademik iştirakçıların nəzərinə çatdırıb ki, iclasın gündəliyinə 2025-ci ilin 6 ayı ərzində aparılmış elmi-tədqiqat işlərinin hesabatının təsdiqi haqqında, Azərbaycan Respublikası ETN Kataliz və Qeyri-üzvi Kimya İnstitutu və Gürcüstanın R.Aqladze adına Qeyri-üzvi və elektrokimya İnstitutu ilə birgə “Beynəlxalq Yaşıl Hidrogen” laboratoriyasının təşkili haqqında 05.06.2025 - ci il tarixində bağlanmış müqavilə barədə prof. A.Əliyevin məlumatı, Azərbaycan Respublikası ETN Kataliz və Qeyri-üzvi Kimya və Çin Xalq Respublikasının Şandung Elmlər Akademiyasının Enerji Tədqiqatları İnstitutları arasında 04.06.2025-ci il tarixində imzalanmış Anlaşma Memorandumu haqqında k.ü.f.d. E.Babayevin məlumatı və s . məsələlər də daxil edilib.
Birinci məsələ haqqında danışan akademik bildirib ki, 2025-ci ilin 6 ayı ərzində aparılan elmi-tədqiqat işlərinin nəticələri qənaətbəxşdir. Məsələ ətrafında müzakirələr aparılıb və hesabatların qəbul edilməsi qərara alınıb. Sonra 2-ci məsələ haqqında danışan akademik bildirib ki, hazırda institutun qarşısında duran vacib məsələlərdən biri beynəlxalq elmi əlaqələrin genişləndirilməsidir. Bu baxımdan İnstitutumuz ilə Gürcüstanın R.Aqladze adına Qeyri-üzvi və elektrokimya institutu arasında birgə “Beynəlxalq Yaşıl Hidrogen” laboratoriyasının təşkili haqqında bağlanmış müqavilə təqdirəlayiqdir. Müqavilə çərçivəsində qarşılıqlı səfərlər, birgə kadr hazırlığı və tədqiqat işlərinin görülməsi, alınmış müsbət nəticələrin birgə məqalə şəklində dərc olunması və s. məsələlərin həyata keçirilməsi nəzərdə tutulur.
Növbəti məsələ haqqında danışan akademik bildirib ki, Azərbaycan Respublikası ETN Kataliz və Qeyri-üzvi Kimya və Çin Xalq Respublikasının Şandung Elmlər Akademiyasının Enerji Tədqiqatları İnstitutları arasında 04.06.2025-ci il tarixində Anlaşma Memorandumu imzalanıb. İmzalanmış memorandum haqqında k.ü.f.d. E.Babayev məlumat verərək qeyd edib ki, adı çəkilən institutla elektro kataliz, CO2- nin reduksiyası və s. sahələr üzrə birgə tədqiqat işlərinin aparılması nəzərdə tutulur.
Sonra akademik gündəliyə daxil olan digər məsələlər haqqında məlumat verib, müzakirələr aparılıb və müvafiq qərarlar qəbul edilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.