Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

01.03.2016 13:19
  • A-
  • A
  • A+

“AMEA-da elektron elmi-intellektual bazanın yaradılması” mövzusunda konfrans keçirilib

“AMEA-da elektron elmi-intellektual bazanın yaradılması” mövzusunda konfrans keçirilib

Fevralın 29-da Mərkəzi Elmi Kitabxanada (MEK) “AMEA-da elektron elmi-intellektual bazanın yaradılması” mövzusunda konfrans keçirilib.

Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli konfransın əhəmiyyətindən danışıb. Elektron elmi-intellektual bazanın yaradılmasının müasir dövrdə elmin əsas tələblərindən olduğunu söyləyən akademik bu bazanın gələcəkdə elmi irsin daha etibarlı qorunub saxlanılması və zamanın tələblərinə uyğun şəkildə istifadəsinə geniş imkanlar yaradacağını bildirib.

Sonra çıxış edən kitabxananın direktoru, tibb üzrə fəlsəfə doktoru Leyla İmanova Elektron elmi-intellektual bazanın yaradılmasının “Milli Rəqəmsal Yaddaş” layihəsi çərçivəsində atılan növbəti addım olduğunu söyləyib. Bildirib ki, Azərbaycanda “Milli Rəqəmsal Yaddaş” layihəsi çərçivəsində elmi tədqiqat işlərinin vahid elektron “Elmi-intellektual baza”sının formalaşdırılması olduqca zəruridir.

L.İmanova qeyd edib ki, bu gün AMEA-nın institutlarında elekron resurslar hər bir müəssisənin öz baza sisteminə uyğun saxlanılır.  Kitabxananın təklif etdiyi baza sistemi isə AMEA-da toplanan elektron resursların vahid formatda sistemləşdirilməsinə və mövcud elmi informasiyanın qarşılıqlı mübadiləsinə imkan verir. 

Tədbirdə MEK-in Fondların formalaşdırılması bölməsinin rəhbəri Şərafət İsmayılova və Milli Rəqəmsal Yaddaş şöbəsinin əməkdaşı Əzizağa Haxverdiyev təqdimatla çıxış ediblər. Bildirilib ki, MEK bu günə qədər yüzdən artıq xarici ölkə universitetləri və dünyanın tanınmış elmi bazaları ilə əlaqələr yaradıb. Həmçinin kitabxananın çap və elektron resursları, informasiya bazasının formalaşdırılması istiqamətində görülən işlər barədə də məlumat verilib. Bundan başqa, “Vikilayihə”lərdə fəaliyyət, kitabxana resurslarının qorunması və saxlanılması, impakt faktorlu jurnallarda məqalələrin yerləşdirilməsi və s. mövzularda keçirilən təlimlərdən danışılıb.

Konfransda AMEA-da hazırlanan elmi məhsulların müntəzəm mübadiləsi, müasir standartların tətbiqi ilə kataloqlaşdırılması, müxtəlif bazalarda yerləşdirilməsi və digər məsələlər ətrafında müzakirələr aparılıb.

Tədbirdə Milli Rəqəmsal Yaddaş bazasının fəaliyyətinin daha da təkmilləşdirilməsi və kitabxanada vahid elektron idarəetmə sisteminin qurulması tələbini nəzərə alaraq bir sıra təkliflər səsləndirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: