Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

21.06.2025 16:19
  • A-
  • A
  • A+

Tarix və Etnologiya İnstitutunda elmi seminar keçirilib

Tarix və Etnologiya İnstitutunda elmi seminar keçirilib

AMEA-nın A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunda elmi seminar keçirilib.

Seminarda Azərbaycan Respublikasının tarixi şöbəsinin aparıcı elmi işçisi tarix üzrə fəlsəfə doktoru, dosent Tamilla Kocayeva “Tarix İnstitutunun inkişaf mərhələləri: şəxsiyyətlər və tədqiqat istiqamətləri” adlı məruzə ilə çıxış edib.

Tamilla Kocayeva bildirib ki, Azərbaycan tarixinin öyrənilməsinin böyük ənənəsi olsa da, onun sistemli şəkildə tədqiqinə ötən əsrin 50-ci illərindən başlanıb. Lakin Azərbaycan Respublikası müstəqilliyini bərpa edənədək tarix elmi bütövlükdə keçmiş sovet tarixşünaslığının tərkib hissəsi kimi inkişaf edib. Belə ki, institutda aparılan elmi araşdırmaların tematikası, xüsusilə Azərbaycan xalqının mənşəyi, etnogenezi, Şimali Azərbaycanın sovet Rusiyası tərəfindən işğalı və s. problemləri ilə bağlı bir sıra mövzular hakim marksizm təliminin tələblərinə uyğun şəkildə tədqiq edilib, keçmiş SSRİ-nin rəsmi ideologiyasının həyata keçirilməsinə xidmət edib. Tarix və Etnologiya İnstitutunda Azərbaycanın qədim, orta əsrlər, yeni və müasir dövr tarixi üzrə siyasi, hərbi, sosial-iqtisadi və mədəni problemlərə dair aparılan araşdırmalara baxmayaraq, milli tariximizin bir çox mübahisəli məsələlərinin, xüsusilə Azərbaycanın tarixinin öyrənilməsində nəzəri xarakterli problemlərin araşdırılmasında qadağalar mövcud olub. XX əsrin 50-60-cı illərində Azərbaycanda tarixçi alimlər nəslinin yetişməsi bir çox elmi problemlərin həllinə şərait yaradıb, elmin bütün sahələrinin, o cümlədən, Azərbaycan tarixinin akademik səviyyədə tədqiqinə başlanılıb. Respublikamızın tanınmış tarixçiləri, arxeoloqları, etnoqrafları, şərqşünasları məhz Tarix və Etnologiya İnstitutunda çalışıb. Onlar Azərbaycan tarixinə dair elmi-tədqiqat işləri aparmaqla yanaşı, ümumən, qafqazşünaslıq, şərqşünaslıq və dünya xalqlarının elmi və mədəni tərəqqisi məsələlərini əhatə edən bir sıra mühüm problemlərin araşdırılmasında Azərbaycan elminin aparıcı qüvvələri olublar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: