16 iyun 2025-ci il tarixində mədəniyyət paytaxtımız Şuşa şəhərində MIE Azerbaijan MMC-nin təşəbbüsü və təşkilatçılığı ilə “Global Research Conference Shusha 2025” çərçivəsində “Aİ for a better future” şüarı ilə Azərbaycan və beynəlxalq akademik, elmi, texnoloji və sənaye nümayəndələrinin iştirakı ilə yüksək səviyyəli tədbir təşkil olunub.
Konfransın plenar açılış mərasimi Şuşada keçirildi və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professor-müəllim heyəti, AMEA-nın Fizika İnstitutu, Qarabağ Universitetinin rəhbərliyi və müəllim heyəti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Bakı Biznes Universiteti, Aqrar Problemlər İnstitutu, Gəncə Dövlət Universitetinin professor və tədqiqatçıları, Sinqapur Texnologiya və Dizayn Universitetinin nümayəndəsi, Sinqapur Süni İntellekt Beynəlxalq İnstitutunun (AIII) qurucusu, R.T.Ərdoğan Universitetinin professoru (Türkiyə), Bitlis Eren Universitetinin nümayəndəsi (Türkiyə), Kanadanın Innevic şirkətindən süni intellekt üzrə ekspert, KOBİA nümayəndəsi, Avtomatika şirkətinin qurucusu, Elm, təhsil və sənaye sahələrində fəaliyyət göstərən müxtəlif təşkilatların nümayəndələri tədbirdə iştirak etdilər.
Konfransın təşkilatçılarından biri Azərbaycan Elm və Təhsil Nazirliyi Fizika İnstitutu olmuşdur. Konfransa sədrlik Fizika İnstitutunun Elmi innovasiyalar və xarici əlaqələr şöbəsinə həvalə edilmişdir.
Konfrans çərçivəsində həyatımızda özünə yer tutmuş süni intellektin tutduğu yer və onun tətbiq sahələri ətrafında təqdimatlar verilib və bu mövzular ətrafında maraqlı müzakirələr aparılıb.
Konfrans nəticəsində “Şuşa Bəyannaməsi” qəbul olundu. Bəyannamədə etik, davamlı və inklüziv intellekt inkişafı üçün strateji çağırışlar əks olunub.
17 iyun 2025-ci il tarixində Xankəndidə yerləşən Qarabağ Universitetinə rəsmi səfər olunub. Universitetin cavabdeh rəhbərliyi, elmi heyətlə görüş keçirilib və gələcək akademik əməkdaşlıqlara dair ilkin razılaşmalar və müzakirələr aparılıb. Qarabağ Universitetinə zəruri olan bütün dəstəklərin göstərilməsi qənaətinə gəlinib və bu istiqamətdə bütün qüvvə və imkanların səfərbər edilməsi bildirilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.