AMEA Botanika İnstitutunda 1 mart - Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə institutun MM qərargahının rəisi Nazim Xəlilov Ümumdünya Mülki Müdafiə Gününün yaranma tarixi barədə iştirakçılara məlumat verib, ölkəmizdə son illər bu sahəyə xüsusi diqqət yetirildiyini bildirib. Qeyd edib ki, bu tarix 1972-ci il martın 1-də Beynəlxalq Mülki Müdafiə Təşkilatının yaradılmasının şərəfinə qeyd edilir. Azərbaycan bu nüfuzlu beynəlxalq təşkilata 1993-cü ildə daxil olmuşdur.
“İşçilərin müdafiəsi və mühafizəsinin təşkilinin MM rəhbərinin ən başlıca vəzifəsidir” deyə bildirən N.Xəlilov institutda mütəmadi olaraq bu istiqamətdə maarifləndirmə tədbirlərinin həyata keçirildiyini diqqətə çatdırıb. Bildirib ki, tədbirlərdə məqsəd əməkdaşların fövqəladə hallar zamanı davranış qaydaları və mülki müdafiə sahəsində biliklərinin artırılmasına, özünə və digərlərinə ilkin tibbi yardımın göstərilməsinə və baş verə biləcək yanğın və ya partlayış hadisələrinin qarşısının alınması ilə bağlı profilaktik tədbirlərin görülməsinə nail olmaqdır.
Tədbirdə görülməsi vacib olan təhlükəsizlik tədbirləri ilə bağlı fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.