İyunun 25-də AMEA-nın Lənkəran Regional Elmi Mərkəzi və Gənclərin İnkişafı və Karyera Mərkəzinin Lənkəran-Astara nümayəndəliyi ilə birgə “Qərbi Azərbaycan - əzəli yurdumuz” mövzusunda elmi seminar keçirilib.
Əvvəlcə qonaqlar və tədbir iştirakçıları mərkəzin foyesində şəhid Mahsun Bağırzadənin xatirə lövhəsinin önünə gül dəstələri qoyublar.
Seminarı giriş sözü ilə açan Lənkəran Regional Elmi Mərkəzinin direktoru Mehman Qaraxan oğlu Əliyev qonaqları salamladıqdan, gündəlikdə duran məsələlərlə iştirakçıları tanış etdikdən sonra Ulu Öndər Heydər Əliyevin, suverenliyimizin və ərazi bütövlüyümüzün bərpa olunması uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Direktor giriş nitqində qeyd edib ki, Qərbi Zəngəzur Azərbaycan xalqının tarixi yaddaşı və milli kimliyinin ayrılmaz hissəsidir. Bu ərazi minilliklər boyu Azərbaycanın tərkibində olub və zəngin mədəni irsə, tarixi abidələrə və çoxəsrlik yaşayış məskənlərinə malikdir. Qərbi Zəngəzur məsələsi ədalət və fundamental insan hüquqları məsələsidir. Azərbaycan xalqının bu tarixi torpaqlara qayıtmaq hüququ həm beynəlxalq hüquq normaları, həm də tarixi faktlarla təsdiqlənir. Ermənistanın tarixi saxtalaşdırmaq və reallıqları təhrif etmək cəhdlərinə qarşı mübarizə aparmaq üçün Azərbaycanın elmi, siyasi və ictimai qüvvələri birgə və ardıcıl fəaliyyət göstərir. Tarixi ədalət gec-tez öz yerini tapacaq - Qərbi Zəngəzur Azərbaycanın əzəli torpağı kimi tanınacaq və onun sakinləri öz dədə-baba yurdlarına qayıdacaqlar!
Sonra “Zəngəzur” Cəmiyyətləri İctimai Birliyinin sədri tarix üzrə fəlsəfə doktoru Hacı Nərimanoğlunun “Qərbi Azərbaycan: Unudulmayan yurdun tarixi” mövzusunda məruzəsi dinlənilib. Məruzədən əvvəl Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Zəfər Günü münasibətilə 8 noyabr 2022-ci il tarixdə Şuşada hərbçilərlə birlikdə keçirilən tədbirdə nitqi səslənib.
Məruzəçi 26 iyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibətilə elmi seminar iştirakçılarını təbrik etdikdən sonra layihə rəhbəri olduğu, “Zəngəzur” Cəmiyyətləri İctimai Birliyinin Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin donorluğu ilə reallaşan “Zəngəzur yazarlarının Zəfər çələngi” toplusunu təqdim edib. Bildirib ki, Azərbaycanın Vətən müharibəsində şanlı Zəfərinin 5 illiyinə həsr olunan 412 səhifəlik kitabda yazıları toplanan müəlliflər 10-90 yaş arasındakı ən müxtəlif peşə sahibləridir; məktəbli, tələbə, əsgər, sürücü, fəhlə, təqaüdçü, müəllim, həkim, polis, alim, jurnalistdir. Topluda Qərbi və Şərqi Zəngəzur bölgəsini əhatə edən 9 rayonda doğulub yaşamış, soykökü bu torpaqlara bağlı olan 250 müəllifin şeir, hekayə, esse, publisist yazıları, roman, poema, müsahibələrindən parçalar, eləcə də Zəngəzurun tarixinə dair elmi məqalələr toplanıb.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Lənkəran Regional Bölməsinin müdiri Qağayı Məmmədov, Lənkəran REM-in aparıcı elmi işçisi tarix üzrə fəlsəfə doktoru Mayis Cəfərov, Azərbaycan Yazıçılar Birliyinin üzvləri - mərkəzin şöbə müdiri Sərraf Talıbov, əməkdaşı İltifat Əhmədov və başqa çıxış edənlər bu nəşrin yaşadığımız şərəfli günlərin, ümumxalq fikrinin, düşüncəsinin ədəbi-bədii inikası olduğunu, ölkəmizin ədəbi-mədəni həyatında əhəmiyyətli hadisəyə çevriləcəyini, böyüməkdə olan nəslin vətənsevərlik ruhunda böyüməsində, bədii, estetik tərbiyəsində müsbət rolunu vurğulayaraq, belə xeyirli layihələrin icrasına verdiyi dəstəyə görə QHT Agentliyinə razılıqlarını bildiriblər.
Daha sonra Gənclərin İnkişaf və Karyera Mərkəzi Lənkəran-Astara nümayəndəliyinin rəhbəri Famil Məmmədovun “Qərbi Azərbaycana qayıdış hərəkatında gənclərin rolu”, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Lənkəran Regional Bölməsinin əməkdaşı Emin Məmmədlinin “Qərbi Azərbaycan: deportasiya və tarixi ədalət” mövzularında məruzələri dinlənilib.
Natiqlər vurğulayıblar ki, Qərbi Zəngəzurun Azərbaycan torpağı olduğunu sübut edən çoxsaylı tarixi, arxeoloji və siyasi faktlar mövcuddur. Arxeoloji qazıntılar zamanı aşkarlanan qədim kurqanlar, daş kitabələr, məbədlər və yaşayış yerləri bu torpaqların Azərbaycan xalqına aid olduğunu göstərir. İslamdan əvvəlki dövrlərdə bu ərazilərdə türk tayfalarının yaşadıqları məlumdur. Orta əsrlərdə isə Qərbi Zəngəzur Naxçıvan, Qarabağ və İrəvan xanlıqlarının mühüm hissəsi olmuşdur.
Lənkəran REM-in əməkdaşı Kamil Cabbarov, Gənclərin İnkişafı və Karyera Mərkəzinin Lənkəran-Astara nümayəndəliyinin könüllüləri Zəhra Həsənova və Şəfa Cavadova “Zəngəzur yazarlarının Zəfər çələngi” toplusundan şeirlərdən nümunələr ifa ediblər.
Elmi seminarın işində fəal iştirak etdiklərinə görə Hacı Nərimanoğlu və Famil Məmmədov Lənkəran REM-in Fəxri Fərmanı ilə təltif olunublar.
Tədbiri yekunlaşdıran Mehman Əliyev qonaqlara, könüllü-gənclərə və iştirakçılara minnətdarlığını bildirib.
Sonda xatirə şəkilləri çəkilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.