Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  YUBİLEYLƏR

14.03.2016 14:29
  • A-
  • A
  • A+

Akademik Tofiq Nağıyevin 75 illik yubileyi qeyd edildi

Akademik Tofiq Nağıyevin 75 illik yubileyi qeyd edildi

Martın 14-də AMEA akademik  M.Nağıyev adına   Kataliz  və  Qeyri-üzvi Kimya İnstitutunda Elmi Şuranın genişləndirilmiş iclası keçirildi.

Tədbiri giriş nitqi ilə açan Kimya Elmləri Bölməsinin akademik-katibi, institutun direktoru,  akademik  Dilqəm Tağıyev iclasın görkəmli kimyaçı alim, “Şöhrət” ordenli, AMEA-nın vitse-prezidenti, "Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin direktoru, akademik Tofiq Nağıyevin 75 illik yubileyinə həsr olunduğunu bildirdi. Görkəmli alimin şərəfli ömür yolundan, zəngin elmi yaradıcılığından söhbət açan D.Tağıyev yubilyarı 75 illiyi münasibətilə təbrik etdi. Bildirdi ki, AMEA Rəyasət Heyətinin qərarı ilə akademik Tofiq Nağıyev məhsuldar elmi və elmi-təşkilati fəaliyyəti, Azərbaycan elminin inkişafındakı xidmətlərinə görə AMEA-nın Fəxri Fərmanı ilə təltif olunub.

Sonra Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Məhəmməd Babanlı görkəmli alimin həyat və yaradıcılığı ilə bağlı geniş məzmunlu məruzə ilə çıxış etdi. Məhsuldar yaradıcılıq yolu keçmiş, 3 monoqrafiya, 490 elmi əsər, patent və ixtiraların müəllifi olan alimin AMEA-nın fəaliyyətində yaxından iştirak etdiyini, onun rəhbərliyi altında 22 fəlsəfə və 1 elmlər doktorunun hazırlandığını bildirdi. 

Qeyd etdi ki, akademik Tofiq Nağıyevin elmi fəaliyyəti əsasən hidrogen-peroksidlə koherent-sinxronlaşdırılmış oksidləşmə reaksiyalarının öyrənilməsi və onların elmi əsaslarının işlənib hazırlanması ilə bağlıdır. O, 1967-ci ildə namizədlik, 1974-cü ildə doktorluq dissetrasiyalarını müdafiə etmiş, 1976-ci ildə professor adına layiq görülmüşdür. 1989-cu ildə Azərb.EA-nın müxbir üzvü, 2001-ci ildə isə AMEA-nın həqiqi üzvü seçilmişdir. 2004-cü ildə Azərbaycan Milli Ensiklopediyası Redaksiya Heyətinin məsul katibi və “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin direktoru təyin edilmişdir.  2013-cü ildən isə AMEA-nın vitse-prezidentidir.

Akademik T.Nağıyevin xidmətlərinin dövlət tərəfindən də yüksək qiymətləndirildiyini söyləyən M.Babanlı onun “Rəşadətli əməyə görə” medalı, “Şöhrət” ordeni ilə təltif olunduğunu, Azərbaycan Respublikasının “Dövlət mükafatı”na layiq görüldüyünü diqqətə çatdırdı.

Tədbirdə çıxış edən Yer Elmləri Bölməsinin akademik-katibi, akademik Fəxrəddin QədirovAşqarlar Kimyası İnstitutunun direktoru, akademik Vaqif FərzəliyevNeft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif AbbasovPolimer Materialları İnstitutunun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Valeh Cəfərov, Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun laboratoriya müdiri, AMEA-nın müxbir üzvü Əjdər Məcidov, kimya üzrə fəlsəfə doktoru Lətifə Həsənova və başqaları  alimin neft-kimyası sahəsində əldə etdiyi nailiyyətlər və Azərbaycan elminə verdiyi töhfələrdən söz açdılar, yubilyarı 75 illik yubileyi münasibətilə təbrik etdilər. Çıxış edənlər onun nəcib insani keyfiyyətlərə malik ziyalı olduğunu bildirdilər, alimlə bağlı xoş xatirələrini bölüşdülər.

Sonda çıxış edən akademik T.Nağıyev ona göstərilən diqqət və qayğıya görə tədbirin təşkilatçıları və iştirakçılarına təşəkkürünü bildirdi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: