AMEA-nın akademik-katibi akademik Arif Həşimov AMEA-nın Rəyasət Heyətinin iclasında Özbəkistan Respublikasının Daşkənd şəhərində keçirilmiş Beynəlxalq Elmi Şuranın (ISC) məsləhətləşmə görüşündə iştirakının yekunları haqqında məlumat verib.
Bildirib ki, 9-11 oktyabr 2025-ci il tarixlərində Özbəkistan Respublikası Elmlər Akademiyası və Özbəkistan Respublikası Ali Təhsil, Elm və İnnovasiyalar Nazirliyi yanında İnnovativ İnkişaf Agentliyinin birgə təşkilatçılığı ilə Daşkənd şəhərində “İnnovativ ideyalar üzrə Beynəlxalq Həftə” çərçivəsində keçirilmiş Beynəlxalq Elmi Şuranın (ISC) məsləhətləşmə görüşündə iştirak edib. Akademik Arif Həşimov bildirib ki, görüşün məqsədi 2025-2028-ci illər üçün regional gündəlik kontekstində ISC-nin strategiyası və prioritetləri ilə bağlı ortaq maraqların müzakirəsi olub.
Plenar iclasda Azərbaycan Respublikasının dayanıqlı inkişaf siyasəti barədə təqdimatla çıxış etdiyini deyən Arif Həşimov qeyd edib ki, ölkəmizdə bu istiqamətdə həyata keçirilən tədbirlər, qəbul olunmuş strateji sənədlər və dövlət başçısı tərəfindən imzalanmış qərarlar barədə məlumat verib.
Məsləhətləşmə görüşünün ikinci iclasında akademik Arif Həşimov Azərbaycan Milli Elmlər Akademiyasının tarixi, beynəlxalq əməkdaşlıq siyasəti və ISC ilə qurulmuş münasibətləri əks etdirən təqdimatla çıxış etdiyini söyləyib.
Beynəlxalq Elmi Şuranın məsləhətləşmə görüşünün 11 oktyabr 2025-ci il tarixində keçirilən yekun iclasında isə Azərbaycan və Özbəkistan arasında elmi əməkdaşlıq münasibətləri və gələcək əməkdaşlıq perspektivlərinin müzakirə olunduğunu vurğulayıb. Qeyd olunub ki, Azərbaycan və Özbəkistan xalqlarını dostluq əlaqələri, ortaq tarixi, mədəni və mənəvi dəyərlər birləşdirir. Bu münasibətlər elmi müstəvidə də dinamik şəkildə inkişaf edir. Həmçinin Beynəlxalq Elmi Şuranın Zaqafqaziya–Mərkəzi Asiya Regional Mərkəzinin yaradılması təşəbbüsü müzakirələr zamanı xüsusi diqqət mərkəzində olub. Azərbaycan tərəfi bu mərkəzin məhz Özbəkistanda yaradılması təşəbbüsünü dəstəkləyib və onun fəaliyyətinə hərtərəfli dəstək göstərməyə hazır olduğunu bildirib.
Akademik Arif Həşimov bildirib ki, Daşkənddə keçirilmiş Beynəlxalq Elmi Şuranın (ISC) məsləhətləşmə görüşü region ölkələri arasında elmi əlaqələrin genişləndirilməsi, beynəlxalq əməkdaşlıq şəbəkələrinin gücləndirilməsi və ortaq elmi strategiyaların formalaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir və Azərbaycan Milli Elmlər Akademiyasının bu tədbirdə iştirakı ölkəmizin elmi diplomatiyasının inkişafına, beynəlxalq elmi məkana inteqrasiyasına və regionda birgə təşəbbüslərin formalaşmasına töhfə verəcəkdir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.