Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

31.03.2016 09:30
  • A-
  • A
  • A+

AMEA-da 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bir sıra tədbirlər keçirilib

AMEA-da 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bir sıra tədbirlər keçirilib

Martın 30-da AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda 31 mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə institutun direktoru  v.i.e., AMEA-nın müxbir üzvü Möhsün Nağısoylu 1918-1920-ci illərdə bədnam ermənilərin Azərbaycanın şəhər və rayonlarında, o cümlədən Bakıda, Şamaxıda, Qubada törətdikləri qanlı hadisələrdən danışıb. Bildirilib ki, qəsbkar düşmən xalqımıza qarşı dəhşətli soyqırımı həyata keçirib, on minlərlə azərbaycanlını amansızcasına qətlə yetirib.

Sonra çıxış edən professorlar Sayalı Sadıqovaİsmayıl Məmmədliİlhami Cəfərsoy bildiriblər ki, 1918-ci ilin martında Azərbaycan xalqının üzləşdiyi faciə ən dəhşətli faciələrdən biridir. Həmin dövrdə Şaumyanın başçılığı ilə bolşeviklər və erməni daşnaklarının Bakı, Şamaxı, Quba, Lənkəran, Salyan, Zəngəzur və Naxçıvanda törətdikləri qanlı terror əməlləri insanlığa qarşı cinayət idi.

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda keçirilən anım mərasimində ilk öncə soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavinləri – fil.ü.e.d. Aybəniz Əliyeva-Kəngərli və fil.ü.e.d. Paşa Kərimov, institutun elmi katibi, fil.ü.f.d. Əzizağa Nəcəfzadə, fil.ü.e.d. Kamandar Şərifov və başqaları çıxış edərək ermənilərin torpaqlarımızda törətdikləri qanlı faciələrdən danışıb, bu barədə dünya xalqlarına daha geniş məlumat çatdırılmasının vacibliyini vurğulayıblar. Natiqlər Mart soyqırımını tariximizin ən qanlı səhifəsindən biri adlandırıb, bu tarixi faciənin əsrlərcə xalqın qan yaddaşından silinməyəcəyini söyləyiblər.

Tədbirdə institutun “Kitabxana və elmi informasiya” şöbəsinin hazırladığı “Ermənilərin törətdiyi soyqırımlar” mövzusunda kitab sərgisi və “Azərbaycanlıların soyqırım günü - tarixi faktlar, həqiqətlər” adlı film nümayiş etdirilib.

31 Mart – Azərbaycanlıların Soyqırımı Günü  ilə əlaqədar  AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunda da anım tədbiri keçirilib. 

Tədbirdə institutun direktoru, tarix elmləri doktoru, professor Maisə Rəhimova bildirib ki, XX əsrdə erməni millətçilərinin xalqımıza qarşı törətdiyi soyqırımı aktları sırasında 1918-ci ilin martında baş vermiş qətliam öz miqyası və qəddarlığına görə xüsusi bir yer tutur.

Anım tədbirində çıxış edən AMEA-nın müxbir üzvü İlyas Babayev, tarix üzrə elmlər doktoru Əsədulla Cəfərov, tarix üzrə fəlsəfə doktorları Mikayıl Mustafayev, Bəhmən Əliyev və başqaları ermənilərin azərbaycanlılara qarşı zaman-zaman törətdikləri soyqırımı ilə əlaqədar ümummilli lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı Fərmanla martın 31-nin Azərbaycanlıların Soyqırımı Günü elan edildiyini, son illərdə erməni təcavüzünün nəticələri, Azərbaycanın əzəli torpaqlarında Ermənistan dövlətinin yaradılması, xalqımızın milli mədəniyyət nümunələrinin, toponimlərimizin özününküləşdirilməsi barədə tarixi faktlara əsaslanan qiymətli əsərlərin çap olunmasının əhəmiyyətini qeyd ediblər.

Soyqırımı  qurbanlarının  anım  gününə  həsr edilmiş silsilə tədbirlərə  AMEA Hüseyn Cavidin Ev Muzeyi də qoşulub.

Muzeyin  direktoru, filologiya  üzrə  elmlər  doktoru  Gülbəniz Babaxanlı erməni millətçiləri tərəfindən xalqımıza qarşı həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasətinin əsl mahiyyətinin açıqlandığını, bu hadisələrə siyasi-hüquqi qiymət verildiyini qeyd edib. Bildirib ki, 1918-ci  ilin  mart  ayında  daşnakların  törətdiyi  bu  faciələr  zamanı  ölüm  təhlükəsi  ilə üzləşənlərdən biri də dahi Azərbaycan şairi və dramaturqu Hüseyn Cavid olmuşdur. Qaniçən erməni cəlladları  Hüseyn  Cavidi  və onunla bərabər “Təbriz” mehmanxanasında  yaşayan  digər  insanları  da  oradan  silah  gücünə  çıxarmışlar və yol boyu  bu  insanlardan  əksəriyyətini güllələmişlər. Hüseyn Cavid isə bir təsadüf nəticəsində ölümün pəncəsindən qurtula bilmişdir. 

Tədbir çərçivəsində  soyqırımı  qurbanlarının xatirəsinə həsr  olunmuş ədəbiyyat sərgisi və fotoslayd nümayiş etdirilib. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: