Aprelin 7-də Müəllif Hüquqları Agentliyi (MHA) və AR Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə “Elmi, tədris və ədəbi əsərlərin mətnlərində plagiat və onun qarşısının alınması yolları” mövzusunda “dəyirmi masa” keçirilib.
Əvvəlcə son günlər təmas xəttində Ermənistanın törətdiyi təxribatlar nəticəsində şəhid olmuş hərbçilərimizin və mülki vətəndaşların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
MHA-nın sədri Kamran İmanov plagiat və onun qarşısının alınması yollarına həsr olunan tədbirin əhəmiyyətindən, mövzunun aktuallığından danışıb. Bildirilib ki, gələcəyə baxışın kreativ və innovasiyalı cəmiyyətlə əlaqələndirilməsi üçün plagiatçılıqla mübarizə güclənməlidir. Tarix boyu mədəniyyətin problemi hesab olunan plagiatçılıq müasir dövrdə daha da aktuallaşaraq sosial iyerarxiyanın müxtəlif təbəqələrində özünü büruzə verir.
Təhsil naziri Mikayıl Cabbarov qeyd edib ki, müasir dövrdə istənilən ölkənin iqtisadi inkişafı, onun vətəndaşlarının firavan yaşayışı ilk növbədə elm və təhsilin inkişafı ilə bağlıdır. Bu baxımdan təhsil sahəsində fəaliyyət göstərən alimlər, təhsil alanlar və təhsil verənlər qarşısında birmənalı şəkildə yeni çağırışlar dayanır. Bu çağırışlara cavab verməyin yolları “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda əksini tapıb. Bu sənəddə nəzərdə tutulan tədbirlər sırasında təhsil sahəsində plagiatın qarşısının alınması xüsusi əhəmiyyət daşıyır. Təhsil sistemimizdə plagiatın olmaması hər birimizin qarşısında duran əsas məqsəd və vəzifədir. XXI əsrdə, elm və təhsilin inkişaf etdiyi bir zamanda plagiat qətiyyən qəbuledilməzdir. Bu, həm hüquqi, həm də mənəvi nöqteyi-nəzərdən düzgün hesab edilmir. Xüsusilə təhsil sahəsində buna yol vermək olmaz. Təhsil sistemində vacib amillərdən biri də yeni biliklərə yiyələnmək və bu bilikləri gənc nəslə ötürməkdir.
M.Cabbarov vurğulayıb ki, plagiatın qarşısını almaq üçün beynəlxalq təcrübəyə əsaslanmaqla bir çox tədbirlər həyata keçirilir. Bu mübarizədə hər birimizin fəal iştirakı vacibdir. Rəhbər şəxslər, yaradıcı insanlar, alimlər bu sahədə birgə fəaliyyət göstərməlidirlər.
Tədbirdə K.İmanovun “Elmi, tədris və ədəbi əsərlərin mətnlərində plagiat və onun qarşının alınması yolları” mövzusunda məruzəsi dinlənilib.
Bildirilib ki, plagiata istər tələbələrin kurs işlərində, istərsə də elmi monoqrafiya, məqalə və dərsliklərdə rast gəlmək olar. Yenilikçilik və yaradıcılıq nəticələri mövcud biliklər əsasında yaranaraq yeni biliklərlə nəticələnir. Bunlar insanların tükənməz yaradıcılıq resurslarına əsaslanır və bu keyfiyyətlərin inkişafı elm və təhsil sistemlərinin əsas məqsədidir. Yarandığı zaman qeyri-maddi olan ideyalar, elm, ədəbiyyat və incəsənət əsərləri obyektiv ifadə olunaraq əqli mülkiyyət vasitəsilə qorunur.
Vurğulanıb ki, plagiat hər zaman maraq dairəsində olub, xüsusən söz ustaları plagiat haqqında maraqlı fikirlər söyləyib, əməli addımlar atıblar.
MHA-nın sədri qeyd edib ki, rəqəmli antiplagiat sistemləri yalnız müəlliflərin yaratdıqları mətnlərin müstəqillik səviyyəsinə yönəldilməməli, müəllif hüququnun pozulub-pozulmamasına cavab axtarmalıdır. Hazırda müasir sistemlərin çoxu əsərin daxili obrazlarda əksini tapmış ideyaların mənimsənilməsi ilə zəif işləyir, hətta bunun qarşısında aciz qalır. Şübhəsiz ki, gələcəkdə internet-servislərin, antiplagiat proqramların inkişafı yaranan çətinlikləri aradan qaldıracaq.
Daha sonra plagiatın yaranma səbəbləri, onunla aparılan mübarizə tədbirləri, bu sahədəki dünya təcrübəsi və müvafiq qanunvericiliklə bağlı fikirlər səsləndirilib, mövcud vəziyyətdən çıxış yolları ətrafında fikir mübadiləsi aparılıb.
Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası sədrinin müavini Vəli Hüseynov bildirib ki, plagiatın qarşısının alınması hazırda diqqət mərkəzində saxlanılması vacib olan məsələlərəndir. Xüsusilə dissertasiya şuralarında plagiatla mübarizəyə ciddi fikir verilməlidir. Plagitın ən geniş yayılmış forması köçürmə və tərcümədir. Lakin digər formalar da var. Elmi əsərlərdə plagiatın qarşısının alınması olduqca vacibdir. Ali Attestasiya Komissiyası bu sahədə mühüm tədbirlər həyata keçirir və gələcəkdə bu istiqamətdə fəaliyyətini daha da genişləndirəcək.
Tədbirdə çıxış edən AR Rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə, AMEA-nın akademil-katibi, akademik Rasim Əliquliyev, “Plagiat.pl” şirkətinin regional direktoru Əli Təhməzov və başqaları tədbirin əhəmiyyətini qeyd edib, elmi, tədris və ədəbi əsərlərin mətnlərində plagiatın qarşısının alınmasının vacibliyini vurğulayıblar.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.