Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

08.04.2016 18:33
  • A-
  • A
  • A+

Şamaxıda “Azərbaycan və Şərqi Anadoluda türk-müsəlman əhaliyə qarşı soyqırımları” mövzusunda III Beynəlxalq elmi konfrans keçirilib

Şamaxıda “Azərbaycan və Şərqi Anadoluda türk-müsəlman əhaliyə qarşı soyqırımları” mövzusunda III Beynəlxalq elmi konfrans keçirilib

Aprelin 8-də Vergilər Nazirliyinin Şamaxıda yerləşən Tədris Mərkəzində AMEA Rəyasət Heyəti, A.Bakıxanov adına Tarix İnstitutu, Türkiyə Cümhuriyyətinin Atatürk Araşdırma Mərkəzi (ATAM) və Şamaxı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Azərbaycan və Şərqi Anadoluda türk-müsəlman əhaliyə qarşı soyqırımları (1914-1920-ci illər)” mövzusunda III Beynəlxalq elmi konfrans keçirilib.

Əvvəlcə son günlər təmas xəttində Ermənistanın törətdiyi təxribatlar nəticəsində qəhrəmancasına həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.

Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Prezident İlham Əliyevin konfrans iştirakçılarına müraciətini oxuyub. Müraciətdə insanlığa qarşı törədilən cinayətlərin ən ağırı sayılan soyqırımının dərindən və hərtərəfli öyrənilməsinin mühüm əhəmiyyətə malik olduğu vurğulanır.

Konfransda çıxış edən Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov diqqətə çatdırıb ki, təkcə XX əsrdə azərbaycanlılar 4 dəfə - 1905-1906-cı, 1918-1920-ci, 1948-1953-cü və 1988-1993-cü illərdə soyqırımı və etnik təmizləmə siyasətinə məruz qalıb. Uzun illər gizlədilən, arxivlərdə məhv edilən soyqırımı faktları, tariximizin qaranlıq səhifələri daha ətraflı araşdırılmalı, həqiqətlər dünya ictimaiyyətinə çatdırılmalıdır. Bu baxımdan beynəlxalq elmi konfransın əhəmiyyətini vurğulayan Əli Həsənov qeyd edib ki, tədbir həm elmi, həm də siyasi baxımdan önəm daşıyır. Soyqırımına həsr edilən beynəlxalq elmi konfranslar gələcəkdə bu dəhşətli faciəni yaşayan digər bölgələrdə də keçirilməli, tarixi həqiqətlər üzə çıxarılmalı və dünya ictimaiyyətinə çatdırılmalıdır.

Sonra çıxış edən AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli əsrlər boyu ermənilər tərəfindən xalqımıza qarşı planlı şəkildə həyata keçirilmiş etnik təmizləmə və soyqırımı siyasətindən, onların törətdikləri qırğınlardan danışıb, erməni saxtakarlığının ifşasında bu cür tədbirlərin keçirilməsinin əhəmiyyətini vurğulayıb.

Akademik İsa Həbibbəyli artıq üçüncü dəfə keçirilən beynəlxalq tədbirin türk-müsəlman əhaliyə qarşı törədilən soyqırımlarının tanıdılması istiqamətində atılan əhəmiyyətli addım olduğunu bildirib. O, qeyd edib ki, beynəlxalq elmi konfransda Azərbaycan tarixçiləri ilə yanaşı, Türkiyə, Almaniya, Albaniya, Özbəkistan, Gürcüstan, Polşa və Rusiyadan olan tarixçi alimlər də iştirak edir. Bildirib ki, konfransın məqsədi tarix boyu azərbaycanlılara qarşı həyata keçirilmiş soyqırımları öyrənən və araşdıran elm adamlarını bir araya gətirmək, onların fikirlərini Azərbaycan və dünya ictimaiyyətinə çatdırmaqdır.

AMEA-da “Azərbaycanlılara qarşı soyqırımların tədqiqi” adlı nüfuzlu alimləri birləşdirən xüsusi komissiyanın yaradıldığını söyləyən akademik İsa Həbibbəyli bildirib ki, komissiyanın yaradılması xalqımıza qarşı törədilmiş soyqırımı cinayətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində atılan mühüm addımlardandır.

Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov çıxışında bu kimi tədbirlərdə aparılan elmi müzakirələrin yeni tarixi faktların üzə çıxarılmasına xidmət etdiyini vurğulayıb. O, qeyd edib ki, beynəlxalq konfranslar həm də ölkələr arasında əlaqələrin möhkəmləndirilməsində böyük rol oynayır. 

Bildirilib ki, 1914-1918-ci illərdə böyük dövlətlərin fəal köməyi ilə terrorçu-ekstremist erməni təşkilatlarının Azərbaycanın və Şərqi Anadolunun türk-müsəlman əhalisinə qarşı həyata keçirdiyi soyqırımları ümumdünya tarixinin ən dəhşətli soyqırımlarıdır: "Dünya tarixində 1914-1918-ci illərdə ermənilərin törətdikləri soyqırımları qədər dinc, silahsız əhalini, o cümlədən uşaqları, qadınları və qocaları amansızcasına, namusu və heysiyyatı alçaldılaraq ən qəddar üsullarla məhv edilməsi faktına təsadüf olunmur”.

Y.Mahmudov qeyd edib ki, tarixi şərait səbəbindən ötən iki əsr ərzində baş verən hadisələrə, törədilmiş faciələrə obyektiv qiymət vermək mümkün olmayıb. Yalnız müstəqillik dövründə, 1998-ci il martın 26-da ümummilli lider Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanı ilə martın 31-i Azərbaycanlıların Soyqırımı Günü elan edilib və erməni millətçilərinin cinayətkar əməllərinə hüquqi-siyasi qiymət verilib.

Daha sonra Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev, Atatürk Araşdırma Mərkəzinin təmsilçisi Selma Yel, Rusiya Federasiyasının Tarix, İqtisadiyyat və Hüquq Elmi-Tədqiqat İnstitutunun direktoru İqor Turitsın, AMEA-nın Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev və başqaları çıxış edərək, müxtəlif ölkələrdən olan tarixçilərin birgə səyi nəticəsində soyqırımı haqqında həqiqətlərin tam aydınlığı ilə ortaya çıxarılacağına ümidvar olduqlarını bildiriblər.

Konfransda AMEA-nın Tarix İnstitutu ilə Rusiyanın bir sıra müvafiq elmi müəssisələri arasında birgə araşdırmaların aparılması və əməkdaşlıq perspektivlərinə dair müqavilələr imzalanıb.

Tədbirdə Azərbaycan Prezidenti İlham Əliyevə müraciət qəbul olunub.

Tanınmış alim və mütəxəssislərin, rəsmi qonaqların iştirak etdiyi konfrans işini “Birinci Dünya müharibəsi illərində Qafqaz regionunda soyqırımlar”, “Şimali Azərbaycanda türk-müsəlman əhaliyə qarşı soyqırımları (1918-1920-ci illər)” və “Şərqi Anadolu, Urmiya və Salmas bölgələrində türk-müsəlman əhaliyə qarşı soyqırımları (1914-1920-ci illər)” bölmələri üzrə davam etdirib.

Tədbir iştirakçılarına Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, tarix elmləri doktoru, professor Əli Həsənovun Azərbaycan, ingilis və rus dillərində nəşr olunan “Azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətinin mərhələləri” adlı kitabı paylanılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: