AMEA-nın Memarlıq və İncəsənət İnstitutunda 20 yanvar faciəsinin 36 illiyi ilə əlaqədar anım tədbiri keçirilib.
Əvvəlcə yığıncaq iştirakçıları 1990-cı il 20 yanvar gecəsi xalqının azadlığı uğrunda canından keçən faciə qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Yığıncağı giriş sözü ilə açan institutun direktoru, AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə qeyd edib ki, təkcə ölkəmizdə deyil həmçinin bütün dünyada yaşayan azərbaycanlılar hər il 20 Yanvar faciəsi qurbanlarının xatirəsini dərin ehtiramla yad edir. Azərbaycanın tarixinə ən faciəli günlərdən biri kimi yazılan 20 Yanvar hadisəsi eyni zamanda tarixə xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olub. Bu tarix xalqımızın milli müstəqilliyi və azadlığı uğrunda mübarizə tarixi kimi yadda qalıb. 1990-cı ilin yanvar hadisələri nə qədər faciəli olsa da, xalqın milli azadlıq uğrunda mübarizə əzmini daha da gücləndirib və ölkənin tarixinə parlaq bir səhifə yazaraq müstəqilliyə yol açıb.
Alim çıxışına davam edərək Alman filosofu Karl Teodor Yaspersə istinad edərək onun öz əsərlərindən birində qeyd etdiyi “Tarix keçiddə yaranır” fikrinə diqqət çəkib. 1990-cı ilin məhz həmin keçid dövrü olduğunu mövcud vəziyyətin dəyişikliyinin Qanlı Yanvar hadisəsi vasitəsilə baş verdiyini vurğulayıb. Bu faciənin də zaman-zaman tarixdə baş verən inqilabi dəyişikliyə zəmin yaratdığını bildirib. 90-cı illərdə baş verən keçid dövrünü təbiət elmlərində, o cümlədən fizikada tətbiq edilən bifurkasiya nəzəriyyəsinə bənzədərək bildirib ki, bifurkasiya nöqtəsi kritik keçid nöqtələri müəyyənləşdirmək və həmin nöqtənin keçilməz olduğunu real vəziyyətdə dinamik proseslərin proqnozlaşdırılmasında sabit rol oynayır. Təyin edilən parametr müəyyən bir kritik həddə çatan zaman bu sabit nöqtə digər yeni sabit nöqtələrə ayrılır.
Azərbaycanın azadlıq və müstəqilliyinə doğru gedən yolun başlanğıcı olan 20 Yanvar faciəsi həmin sabit bifurkasiya nöqtəsi olub. Məhz bu səbəbdən ümümxalq hüzn günü olmaqla yanaşı, eyni zamanda xalqımızın şərəfli qəhrəmanlıq tarixi kimi də xatırlanır və həmişə xatırlanacaqdır.
Musiqi tarixi və nəzəriyyəsi şöbəsinin aparıcı elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent, Əməkdar mədəniyyət işçisi Ülkər Talıbzadə “Azərbaycan bəstəkarlarının yaradıcılığında qanlı yanvar” adlı məruzəni tədbir iştirakçılarına təqdim edib. Qeyd olunub ki, bu tarixi faciə mədəniyyətimizdə, o cümlədən musiqimizdə də öz yerini tapıb. Dosent Ülkər Talıbzadə müstəqillik dövründə baş verən tərəqqidən, milli mədəniyyətin təkamülündən ətraflı bəhs edib.
20 Yanvar mövzusunda Azərbaycan bəstəkarlarının bir sıra əsərləri ərsəyə gəldiyini, şəhidlik mövzusunun bir çox bəstəkarların yaradıcılığında geniş yer tutduğunu diqqətə çatdırıb. 20 Yanvar faciəsi haqqında simfonik janrda bəstələnmiş Cövdət Hacıyevin yeddinci “Şəhidlər simfoniyası”, Azər Rzayevin “Bakı 90”, Azər Dadaşovun Şuşaya həsr edilmiş Xİ simfoniyası, Ramiz Mustafayevin “Bu qan yerdə qalmayacaq” vokal-simfonik poeması, Sevda İbrahimovanın tar və simli orkestr üçün “Sənin üçün darıxmışam, Şuşam” adlı musiqi kompozisiyalarından danışıb.
Daha sonra Teatr, kino və televiziya şöbəsinin elmi işçisi Gənc Alim və Mütəxəssislər Şurasının sədri Əlləz Əhmədov “Müstəqilliyə aparan yol - 20 yanvar faciəsi Azərbaycan səhnəsində” mövzusu ilə çıxış edib. O, faciə zamanı vətənin azadlığı uğrunda canlarını fəda etmiş insanların fədakarlığından bəhs edib. Müstəqilliyimizə gedən yolun 20 yanvar tarixindən başladığını vurğulayıb. Gənclərin vətənpərvərlik ruhunda addımlamasında bu faciənin böyük təsir gücü olduğunu bildirib. Məruzəçi: “Şəhidlərimiz qürur mənbəyimizdir” söyləyib. Azərbaycan teatrında 20 yanvar faciəsinə həsr edilən əsərlərin səhnələşdirilməsindən danışıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.