“APA Media Group”un baş direktoru, Azərbaycan Mətbuat Şurasının Dil Komissiyasının sədri Vüsalə Mahirqızı Azərbaycan Milli Elmlər Akademiyası və Mətbuat Şurasının birgə təşkilatçılığı ilə Mərkəzi Elmi Kitabxanada keçirilən “Medianın dili elmi müzakirə müstəvisində” konfransında çıxış edib.
O, Azərbaycan dilinin yalnız ünsiyyət vasitəsi deyil, həm də milli düşüncə modeli olduğunu söyləyib. Bildirib ki, təsadüfi deyil ki, Prezident İlham Əliyev çıxış və müsahibələrində Azərbaycan dilini milli kimliyimizin və dövlətçiliyimizin əsas atributu kimi dəyərləndirib, dilin saflığının qorunmasının vacibliyini vurğulayıb, xüsusilə dilə nəzarətsiz şəkildə xarici sözlərin daxil olmasına qarşı mövqeyini açıq ifadə edib.
Bu istiqamətdə əsas məsuliyyətin dilçi alimlərin üzərinə düşdüyünü deyən Vüsalə Mahirqızı qeyd edib ki, yeni sözlərin yaradılması, terminologiyanın formalaşdırılması və müzakirəyə çıxarılması birbaşa mütəxəssislərin işidir. Eyni zamanda, media nümayəndələri dilin qorunması və inkişafı naminə dilçi alimlərlə davamlı və sistemli əməkdaşlıq etməli, birgə fəaliyyət göstərməlidir.
AMEA tərəfindən Azərbaycan dilinin orfoqrafik, orfoepik, leksik və terminoloji lüğətlərinin hazırlandığını söyləyən məruzəçi, bu lüğətlərin həm media, həm də geniş ictimaiyyət üçün elektronlaşdırılmasının, bu prosesdə rəqəmsal, eyni zamanda süni intellekt texnologiyalarından istifadənin vacibliyini önə çəkib. O, xüsusilə orfoepik lüğətlərin, yəni sözlərin düzgün tələffüzünün elektronlaşdırılmasının önəmli olduğunu vurğulayıb.
O, hazırda onlayn mediada Azərbaycan dilində sözlərin düzgün yazılışını yoxlayan alətlərdən geniş istifadə olunduğunu deyib: “Ən effektiv köməkçi vasitə xəbər mətninin bir neçə saniyə ərzində İKT alətləri tərəfindən yoxlanmasıdır. Lakin hazırda bu alətlər müasir dövrün tələblərinə cavab vermir və yenilənmiş dil qaydalarını nəzərə almır”.
Vüsalə Mahirqızı qeyd edib ki, bu istiqamətdə AMEA-nın Dilçilik İnstitutunun fəaliyyəti Azərbaycan dilinin inkişafına mane olan problemlərin sürətli şəkildə aradan qaldırılmasına, dilimizin yad təsirlərdən qorunması prosesinin daha sürətli və effektiv aparılmasına xidmət edəcək.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.