1926-cı ildə regionun mühüm mədəniyyət mərkəzlərindən biri olan Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk xalqlarının tarixində dönüş nöqtəsidir.
Bu fikirləri Türkiyə Cümhuriyyətinin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Birol Akgün AMEA-da keçirilən Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Birinci Türkoloji Qurultayın qurucuları və dərsləri: tarix və müasirlik” mövzusunda beynəlxalq elmi konfransda çıxışı zamanı səsləndirib.
Səfir qeyd edib ki, həmin mötəbər toplantıda dil, əlifba, ortaq terminologiya, tarix və mədəniyyət məsələləri ətrafında aparılan geniş elmi müzakirələr nəticəsində mühüm qərarlar qəbul olunub, türkologiya elminin sonrakı inkişaf istiqamətləri müəyyənləşdirilib.
Hazırda Türk Dövlətləri Təşkilatının ortaq siyasi layihələr, universitetlər və akademik qurumların isə elm və təhsil sahəsində müştərək layihələrin həyata keçirdiklərini deyən Birol Akgün rəqəmsallaşma, süni intellekt və texnologiya dövründə aparılan ortaq araşdırmaların, həyata keçirilən birgə innovativ layihələrin Türk dünyası ölkələrinin inkişafında mühüm rol oynayacağını vurğulayıb. O, “Bir millət, iki dövlət” devizinin tək siyasi deyil, həmçinin elm, təhsil və mədəniyyət sahələrində də birliyi ehtiva etdiyini bildirib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.