Aprelin 22-də Bakının Nizami rayonundakı 201 nömrəli tam orta məktəbdə “Tarixi şəxsiyyətlərimizə sahib çıxaq” layihəsi çərçivəsində “Azərbaycan Səfəvi hökmdarı – I Şah Abbas” mövzusunda elmi-praktik konfrans keçirildi.
Öncə tədbir iştirakçıları məktəbin foyesində Səfəvilər dövrü və tarixi şəxsiyyətlərimizi əks etdirən tarixi eksponatlar, foto-stendlər, o cümlədən kitab və rəsm əsərlərindən ibarət sərgi ilə tanış oldular.
AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun təşkilatçılıq etdiyi tədbiri giriş sözü ilə məktəbin direktoru Süsən Salmanova açdı. O, məktəblilərin milli-mənəvi cəhətdən tərbiyələndirilməsi, vətənpərvərlik ruhunda yetişdirilməsi cəhətdən bugünkü konfransın əhəmiyyətini önə çəkdi. Qeyd etdi ki, Azərbaycanın tarixi şəxsiyyətləri, onların keçdiyi mübarizə yolu və əldə etdikləri qələbələrin məktəblilərə aşılanması olduqca vacib məsələdir.
Sonra məktəblilər Azərbaycana həsr olunmuş vətənpərvər ruhlu şeirlərlə çıxış etdilər. Onların XVI əsrdə Səfəvi dövlətinə başçılıq etmiş şahlar və saray həyatına dair nümayiş etdirdikləri səhnəciklər böyük maraqla qarşılandı.
Daha sonra Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov çıxış etdi. Alim məktəblilərin səhnəciklərlə çıxışını yüksək qiymətləndirərək onları hər zaman öz tarixi kökünü araşdırmağa və öyrənməyə səslədi. Dövlətçilik tariximizdə xüsusi yeri olan Səfəvilərdən söz açan Y.Mahmudov məhz bu sülalənin Azərbaycan torpaqlarını bir dövlətin tərkibində, bir bayraq altında birləşdirməyə nail olduğunu diqqətə çatdırdı. O, Səfəvilər dövlətinin yaranması ilə Azərbaycan dövlətçiliyinin özünün tarixi təkamülündə yeni mərhələyə qədəm qoyduğunu bildirdi.
Alimin sözlərinə görə, Səfəvilərin hakimiyyəti dövründə Azərbaycanın dövlət idarəçiliyi mədəniyyəti daha da yüksəldi. Azərbaycan dili dövlət dilinə çevrildi. Şah İsmayıl, Şah Təhmasib, Şah Abbas və digər Səfəvi hökmdarlarının həyata keçirdikləri uğurlu islahatlar, daxili və xarici siyasət nəticəsində Səfəvi dövləti Yaxın və Orta Şərqin ən qüdrətli imperiyalarından birinə çevrildi. O, şagirdlərə I Şah Abbasın Osmanlı işğalı altında olan Azərbaycan ərazilərini geri qaytarmaq üçün apardığı əzmkar mübarizədən də söz açdı.
Tədbirdə çıxış edən layihənin təşkilat komitəsinin sədri Araz Şamil, tarixçi-alim Tofiq Nəcəfli və başqaları Səfəvilərin Azərbaycan tarixindəki yeri və rolunun əhəmiyyətini vurğulayaraq, şagirdlərin tarixi keçmişimizlə bağlı dünyagörüşünün genişlənməsi üçün bu kimi tədbirlərin keçirilməsinin zəruriliyindən danışdılar. Bildirdilər ki, milli dövlətçilik ənənələrinin yaşadılmasında gənc nəslin üzərinə böyük vəzifələr düşür.
Qeyd edək ki, “Tarixi şəxsiyyətlərimizə sahib çıxaq” layihəsi 2015-ci ilin aprel ayından start götürmüşdür. Layihə çərçivəsində Azərbaycanın bir sıra orta məktəblərində müxtəlif tarixi şəxsiyyətlərimizə həsr olunmuş silsilə tədbirlər keçirilmişdir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.