Aprelin 29-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 2015-ci ildəki elmi və elmi-təşkilati fəaliyyətinə həsr olunan illik ümumi yığıncağı keçirilib.
İclasda AMEA prezidenti, akademik Akif Əlizadənin "Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya"nın yekun hesabatına dair məruzəsi dinlənilib.
Akademik Akif Əlizadə Elmin inkişafı üzrə Milli Strategiyada öz əksini tapan Azərbaycan elminin gələcək hədəfləri və elmi fəaliyyətdə nəzərdə tutulan bir sıra mühüm istiqamətlər haqqında danışıb. Respublikada elmi-tədqiqat müəssisələrinin sistemli təsnifatı, elmi və elmi-təşkilati fəaliyyətin qiymətləndirilməsinin strategiyada qarşıya qoyulan vacib vəzifələrdən olduğunu deyən akademik 2009-cu ildən başlayaraq müvafiq tədbirlərin həyata keçirildiyini bildirib. Akademik qeyd edib ki, respublikanın baş elmi qərargahı olan AMEA-da elmi analitik təhlillər aparmaq üçün müvafiq struktur dəyişikliyi edilib, bu sahədəki işin səmərəli təşkili nəticəsində elmi fəaliyyətin qiymətləndirilməsinin müasir dövrün standartlarına uyğun vahid meyar və prinsipləri işlənərək hazırlanıb. “Elmi-tədqiqat müəssisələri haqqında toplanmış məlumatlar elmmetrik araşdırmaların nəticəsi əsasında təhlil edilib və konkret proqramla 2009-2013-cü illər ərzindəki elmi fəaliyyətin ilkin qiymətləndirilməsi həyata keçirilib”. Azərbaycan elmində müşahidə edilən müsbət tendensiyaların nüfuzlu beynəlxalq informasiya bazalarında konkret rəqəmlərlə təsdiq olunduğunu söyləyən alimdünyanın nüfuzlu SCOPUS elmi bazasının reytinq cədvəllərində son illər üzrə Azərbaycan elminin mövqeyinin xeyli yüksəldiyini qeyd edib.
Akademik Akif Əlizadə strategiyada iki mühüm meyarın əsas götürüldüyünü qeyd edib ki, bunlardan biri dünya elminin inkişaf tendensiyaları, digəri isə ölkənin sosial-iqtisadi və mədəni-mənəvi inkişafından irəli gələn Azərbaycan elminin hədəfləridir.
AMEA prezidenti elmin prioritet istiqamətlərinin inkişafı məqsədilə Akademiyada yeni elmi müəssisələrin, mövcud elmi müəssisələrdə isə yeni laboratoriya və şöbələrin yaradıldığını diqqətə çatdırıb. Qeyd edib ki, son illər dünyanın nüfuzlu elmi mərkəzləri və universitetləri ilə Akademiyada birgə laboratoriyaların təşkili də məhz elmi prioritetlərin müasir dünya elminin tələblərinə uyğunlaşdırılması məqsədi daşıyır. Bundan başqa, prioritetlərin dünya elminin inkişaf tendensiyalarına uyğunlaşdırılması istiqamətində multidissiplinar tədqiqatlar aparılır.
Prioritetlərin müəyyənləşdirilməsində ikinci əsas meyarın ölkənin daxili sosial-mədəni inkişaf təlabatının olduğunu qeyd edən akademik A.Əlizadə bunun alimlərimiz qarşısında tədqiqatların ölkənin yeni iqtisadi modelinin hazırlanmasına, xüsusən qeyri-neft sektorunun inkişafına uyğun müəyyənləşdirilməsi və həyata keçirilməsi, sənayenin inkişafı prosesində elmin yaxından iştirakına nail olunması kimi mühüm vəzifələr qoyduğunu deyib.
Akademik ölkənin ərzaq təhlükəsizliyinin qorunmasında və kənd təsərrüfatının inkişafında alimlərimizin yaxından iştirakının təmin edilməsi, kosmik sənayenin inkişafı ilə əlaqədar olaraq bu sahədə beynəlxalq elmi təcrübənin mənimsənilməsi, hərbi sənayenin inkişafı ilə bağlı araşdırmaların genişləndirilməsi və digər bu kimi məsələlərin də Strategiyada qarşıya qoyulan vəzifələrdən olduğunu vurğulayıb.
AMEA rəhbəri strategiyada həyata keçirilməsi zəruri olan digər vəzifə kimi innovasiya siyasətinin həyata keçirilməsi sahəsindəki fəaliyyətdən də danışıb. Bu sahədə infrastrukturun inkişaf etdirilməsi, o cümlədən texnoparklar, texnoloji mərkəzlər, biznes inkubatorları şəbəkəsinin genişləndirilməsinin əhəmiyyətini qeyd edən akademik AMEA-nın Təcrübə-Sənaye Zavodunun elmtutumlu məhsulların istehsalı sahəsində mühüm uğurlarından, Müdafiə Nazirliyinin Hərbi Akademiyası və Müdafiə Sənayesi Nazirliyi ilə birgə ölkənin müdafiə qüdrətinin gücləndirilməsi, hərbi təyinatlı məhsulların istehsalı üzrə reallaşmaqda olan bir sıra layihələrdən bəhs edib.
AMEA prezidenti, həmçinin AMEA-nın Elm və Texnologiyalar Parkının respublikanın müxtəlif regionlarında yerləşən Akademiyanın Təcrübə-Dayaq Məntəqələrində tətbiq etdiyi, qeyri-neft sektorunun inkişafı baxımından xüsusi əhəmiyyət daşıyan aqrar layihələrindən və bu sahədə görülən işlərdən də danışıb.
“Milli Strategiyada elm və təhsilin vahid sosial institut kimi inkişafı əsas hədəflərdəndir” - dəyən akademik AMEA-da magistratura təhsilinin təşkilinin bu istiqamətdə atılan mühüm addımlardan olduğunu vurğulayıb. Həmçinin AMEA-da doktorluq təhsilinin və elmi tədqiqatların modernləşdirilməsini, ölkənin aparıcı təhsil müəssisələrinin baza kafedralarının yaradılmasını, birgə kadr hazırlığı məqsədilə əməkdaşlıq əlaqələrinin qurulmasını və müxtəlif fənlər üzrə respublika olimpiadalarının keçirilməsini bu istiqamətdə fəaliyyətin bir hissəsi kimi qiymətləndirib.
Daha sonra akademik Akif Əlizadə hüquqi islahatlar istiqamətində Strategiyanın icrası ilə bağlı həyata keçirilən tədbirlərdən danışıb. Bu baxımdan ən mühüm sənəd kimi Azərbaycan Respublikasının "Elm haqqında" Qanununun əhəmiyyətini vurğulayıb. Ölkədə intellektual mülkiyyətin qorunması, müəllif hüquqlarının təmin edilməsi ilə bağlı görülən işləri, informasiya cəmiyyəti şəraitində əqli mülkiyyətin müəyyənləşdirilməsi və hüquqi qorunması sahəsində atılmış mühüm addımları sadalayıb.
Strategiyada zəruri vəzifələrdən biri kimi beynəlxalq elmi əlaqələrin inkişafından bəhs edən akademik fiziklərin Avropa Nüvə Tədqiqatları Mərkəzində, Dubna Birləşmiş Nüvə Tədqiqatları İnstitutunda, geoloq və geofiziklərin Massaçusets Texnologiya İnstitutunda, bioloq və botaniklərimizin İsveçrənin elmi mərkəzlərində xarici alimlərin iştirakı ilə birgə layihələr həyata keçirdiyini, eyni zamanda Akademiyada ABŞ, Almaniya və İtaliyanın nüfuzlu elmi mərkəzləri ilə birgə beynəlxalq laboratoriyaların yaradıldığını qeyd edib.
Alim ölkədə elektron Azərbaycanın tərkib hissəsi kimi elektron elmin formalaşması istiqamətində əhəmiyyətli irəliləyişlərində əldə edildiyini bildirib. Qeyd edib ki, elektron elmin platforması olan AzScienceNet kompüter şəbəkəsinin infrastrukturu geniş zolaqlı İnternet texnologiyaları əsasında yenidən qurulub, texnoloji bazası modernləşdirilərək funksional imkanları əhəmiyyətli dərəcədə artırılıb. Superkompüter və BigData texnologiyalarına tələbatı olan elmi problemlərin həlli üçün böyük imkanlara malik Data Mərkəz istismara verilib. Avropa İttifaqı ilə Şərq Tərəfdaşlığı təşəbbüsü çərçivəsində Azərbaycanın elm və təhsil müəssisələrinin Avropanın elm və təhsil cəmiyyətinə inteqrasiyası istiqamətində əhəmiyyətli addımlar atılıb.
Çıxışında AMEA rəhbəri Strategiyanın tələblərinə müvafiq olaraq hesabat müddətində elmin populyarlaşdırılması və ictimaiyyətlə əlaqələrin qurulması istiqamətində bir sıra mühüm tədbirlərin də həyata keçirildiyini qeyd edib. Bildirib ki,elmi mühitdə baş verən proseslər haqqında cəmiyyətin mütəmadi olaraq məlumatlandırılması üçün dövrü nəşrlər təsis olunub. AMEA-nın çoxşaxəli fəaliyyəti haqqında məlumatların Azərbaycan və dünya ictimaiyyətinə çatdırılması, eləcə də AMEA əməkdaşlarının beynəlxalq elmi informasiya mühiti ilə əlaqələrinin təmin edilməsi məqsədilə bir sıra mühüm addımlar atılıb.
Bundan başqa, elmi tədqiqatların müsabiqə əsasında maliyyələşdirilməsi məqsədilə yaradılmış Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun və Azərbaycanda neft, qaz və neft-kimya sənayesi ilə əlaqədar elmi araşdırmaları inkişaf etdirmək məqsədilə təsis olunmuş Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Elm Fondunun maliyyə dəstəyi ilə çoxlu sayda elmi layihələr uğurla maliyyələşdirilir.
Strategiyada əksini tapan mühüm məsələlərdən biri elmin maddi-texniki bazasının gücləndirilməsi ilə bağlıdır. Akademik məruzəsində icra müddəti ərzində elmi müəssisələrin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində kifayət qədər təmir-tikinti, abadlıq işlərinin görüldüyünü, Mərkəzi Elmi Kitabxananın və “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin yeni binalarının müasir üslubda tikilib istifadəyə verildiyini bildirib. AMEA-nın Tarix, Arxeologiya və Etnoqrafiya, Dilçilik institutları və muzeylərində ən yüksək səviyyədə təmir-bərpa, yenidənqurma işlərinin aparıldığını, elmi müəssisələrin müasir avadanlıqlarla təchiz edildiyini qeyd edib.
Akademik bütün bu vəzifələrin öhdəsindən gəlmək üçün növbəti mərhələdə də elmin inkişafı üzrə Milli Strategiyanın qəbulunun zəruriliyini vurğulayıb.
Nitqinin sonunda akademik A.Əlizadə Azərbaycan alimlərinin müasir zamanın çağırışlarından, ölkəmizin sosial-iqtisadi və mədəni-mənəvi inkişafından irəli gələn bu strateji vəzifələrin həyata keçirilməsində səylərini əsirgəməyəcəyinə, Milli Strategiyanın icrasında olduğu kimi, qarşıya qoyulan vəzifələrin reallaşması istiqamətində həmrəylik nümayiş etdirəcəyinə əminliyini ifadə edib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.