Beynəlxalq Elm və Texnologiya Mərkəzinin təşkilatçılığı ilə 30 aprel-3 may 2026-cı il tarixlərində Özbəkistanın paytaxtı Daşkənd şəhərində SNECCA layihəsi çərçivəsində iclas keçirilib.
İclasda Azərbaycanı AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli və mərkəzin əməkdaşı Nail Qazıyev təmsil ediblər. İclasda seysmologiya sahəsində beynəlxalq əməkdaşlığın inkişafı, müasir tədqiqat metodlarının tətbiqi, eləcə də regional seysmik təhlükənin qiymətləndirilməsi istiqamətində məruzələr təqdim edilib və müzakirələr aparılıb.
Səfər çərçivəsində RSXM nümayəndələri həmçinin Özbəkistan Respublikasının Fövqəladə Hallar Nazirliyinin dəvəti ilə 29-30 aprel tarixində Daşkənd şəhərində təşkil edilən Zəlzələ Qurbanlarının Beynəlxalq Anım Günü çərçivəsində keçirilən tədbirlərdə də iştirak ediblər. Keçirilən görüşlərdə Azərbaycan Respublikasının və Özbəkistan Respublikasının seysmoloji mərkəzləri arasında əməkdaşlığın daha da genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb.
AMEA nəzdində RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli keçirilən tədbirlər çərçivəsində bir sıra ölkələrin seysmoloji təşkilatlarının nümayəndələri ilə, eləcə də ABŞ-nın Livermor Milli Laboratoriyasının nümayəndəsi Andrea Chiong, Kanadanın Viktoriya Universitetinin professoru Tuna Onur və digər tədbir iştirakçıları ilə ikitərəfli görüşlər keçirib.
Sonda tədbir iştirakçıları Özbəkistan Elmlər Akademiyasının rəhbərliyinin dəvəti ilə Daşkənddə yerləşən İslam Sivilizasiya Mərkəzini də ziyarət ediblər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.