Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

07.05.2026 12:18
  • A-
  • A
  • A+

Arxeologiya və Antropologiya İnstitutunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-ci ildönümünə həsr olunmuş iclas

Arxeologiya və Antropologiya İnstitutunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-ci ildönümünə həsr olunmuş iclas

AMEA Arxeologiya və Antropologiya İnstitutunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş iclas keçirilib.

Tədbiri giriş sözü ilə açan İnstitutun direktoru, tarix üzrə fəlsəfə doktoru, dosent Fərhad Quliyev bildirdi ki, hər il 10 may  ərərfəsində İnstitutun kollektivi də geniş ictimaiyyətin könüllü təşəbbüsünə qoşularaq Ulu Öndərin ad gününü qeyd edir. “Bu gün hər bir kəs Heydər Əliyevin xatirəsini yad edib, onun barəsində öz səmimi sözlərini deyə bilər. Çünki hər bir Azərbaycan Respublikası vətəndaşına istər sovet dönəmində, istərsə də müstəqillik dövründə Heydər Əliyevin dövlətçiliyimizin möhkəmlənməsi və qorunması istiqamətində göstərdiyi dəyəri ölçülə bilməyən fəaliyyəti bəllidir” – deyə Fərhad Quliyev vurğuladı. Azərbaycanda bir çox elm sahələrinin təsisatlanması və inkişafı Heydər Əliyevin adı ilə bağlıdır və sözsüz ki, arxeologiya elminin ayrıca bir elm sahəsi kimi strukturlaşması və təsisatlanması Heydər Əliyevin şəxsiyyəti ilə əlaqəlidir. “Demək olar ki, Arxeologiya İnstitutu – Heydər Əliyevin yaratdığı və bizə etibar etdiyi milli-mədəni və elmi dəyərdir. Bu, dövlətimizin və xalqımızın qarşıdakı  yüzilliklər üçün danılmaz bir həqiqət və bir aksiomdur. Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Ümummilli Liderin siyasi kursunu davam etdirərək dövlətimizin ərazi bütövlüyünü bərpa etdi, torpaqlarımız düşmən işğalından azad olundu, cəmiyyətimizdəki sabitlik mühitində elmimizin inkişafına şərait yaradıldı” – deyə Fərhad Quliyev bildirdi.

Daha sonra söz alan İnstitutun baş elmi əməkdaşı tarix elmləri doktoru, professor Hidayət Cəfərov Ümummilli Lider Heydər Əliyevin şanlı həyat yolundan söz açdı. Ulu Öndərin sovet dönəmində Azərbaycanı SSRİ-i respublikaları arasında iqtisadi, elmi və mədəni baxımdan önə çıxarmasından danışdı. SSRİ-də türk və müsəlman xalqları nümayəndələrinin karyera inkişafına qarşı törədilən süni maneələri adlayan Heydər Əliyevin ən yüksək vəzifələrə yiyələnməsi mövzusuna toxunuldu. Professor Hidayət Cəfərov erməni millətçiləri ilə birgə sovet rəhbərliyindəki Qorbaşovun bəlli qruplaşmasının ona qarşı Kremldə apardığı ədalətsiz siyasətini və 20 Yanvar faciəsi zamanı Heydər Əliyevin heç nədən çəkinmədən prinsipial mövqeyini açıqlayıb, sovet rəhbərliyinə qarşı haqlı ittihamları irəli sürməsi barədə tarixi hadisələri xatırlatdı. “Nəhayət, Heydər Əliyev Azərbaycana qayıdaraq cəmiyyətdəki xaosun, dövlətçiliyimizi məhvə sürükləyən təhlükələrin qarşısını aldı” – deyə professor Hidayət Cəfərov vurğuladı. Eyni zamanda çıxışçı bu gün Azərbaycana qarşı qərəzli mövqe tutan bəzi beynəlxalq təşkilatların və siyasi dairələrin Heydər Əliyevin layiqli davamçısı və torpaqlarımızı düşmən işğalından azad etmiş Prezident İlham Əliyevin prinsipial mövqeyini geniş şərh etdi.

 

Şöbə müdiri tarix elmləri doktoru, professor Əsədulla Cəfərov çıxışında Ümummilli Liderin Azərbaycanda elmin inkişafında, elmi kadrların yetişdirilməsində misilsiz rolunu qeyd etdi. Arxeologiya elminə istər sovet dönəmində, istərsə də müstəqillik illərində Ulu Öndər tərəfindən diqqəti vurğulayan professor Əsədulla Cəfərov bir xatirəsi ilə bölüşdü. “1981-ci ildə Ümummilli Liderin təşəbbüsü ilə Azərbaycanda arxeologiyanın inkişafı barədə xüsusi qərarlar verildi, müxtəlif dillərdə Azərbaycanın tarixi və arxeoloji abidələrinə həsr edilmiş bukletlər dərc edilib, SSRİ-dəki xarici ölkə səfirliklərinə paylanıldı. Beləliklə, SSRİ dövründə Azərbaycan və onun tarixi barəsində məlumatların dünyada yayılmasının qarşısını alan “dəmir pərdə”yə zərbə vuruldu” – deyə professor Əsədulla Cəfərov qeyd etdi.

İnstitutun şöbə müdiri tarix elmləri doktoru, professor Arif Məmmədov Heydər Əliyevin diqqəti və himayəsi ilə təhsil almış cavan kadrların sonradan Azərbaycanda gənc tədqiqatçılar nəslinin yetişməsində rolunu xüsusilə vurğuladı. “Əgər biz bu günki elmi nailiyyətlərimizin kökünə nəzər salsaq Heydər Əliyevin gerçəkləşdirdiyi uzaqgörən siyasətini görə bilərik” – deyə professor Arif Məmmədov qeyd etdi.

İnstitutun şöbə müdiri tarix üzrə fəlsəfə doktoru, dosent Mikayıl Mustafayev öz çıxışında göstərdi ki, müstəqillik dövründə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin çəkilişi zamanı arxeoloqlara böyük tələbat yarandı, müasir arxeoloji biliklər və texnologiyaların mənimsənilməsinə imkanlar açıldı. “Faktiki Azərbaycan arxeologiyası ikinci nəfəs aldı. Bu isə, Ümummilli Liderin gerçəkləşdirdiyi “Əsrin müqaviləsinin” Azərbaycan elminin inkişafına verdiyi töhfə idi” – deyə Mikayıl Mustafayev vurğuladı. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: