Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

07.05.2026 14:02
  • A-
  • A
  • A+

Azərbaycan alimləri Strasburqda beynəlxalq elmi konfransda iştirak ediblər

Azərbaycan alimləri Strasburqda beynəlxalq elmi konfransda iştirak ediblər

2026-cı il 5 may tarixində Fransanın Strasburq Universitetində “Azərbaycanlıların Avropada akademik elmi fəaliyyəti və universitetlər arası əlaqələr” mövzusunda beynəlxalq elmi konfrans keçirilib. Strasburq Universiteti ilə bərabər Azərbaycan Milli Elmlər Akademiyası, Xəzər Universiteti və Fransa-Azərbaycan Universitetinin  təşkilatçılığı ilə keçirilən bu konfransda Azərbaycanı AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun baş elmi işçisi, tarix elmləri doktoru, professor Solmaz Rüstəmova-Tohidi, “Xəzər” Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri, fizika-riyaziyyat elmləri doktoru, professor Hamlet İsaxanlı təmsil edib. Fransa-Azərbaycan Universitetinin direktoru (UFAZ)  dosent Vazeh Əsgərov konfransa onlayn qatılıb.

Konfransın açılışında çıxış edən Strasburq Universitetinin prorektoru, professor Jan Mark Planeks hələ XIX əsrin ortalarında  ilk azərbaycanlı tələbə Mövsüm Xanlarovun  kimya üzrə elmi dərəcə alması ilə əsası qoyulan Strasburq-Azərbaycan elmi əlaqələrinin bu gün yeni səviyyədə davam etdirilməsinin əhəmiyyətindən bəhs edib, azərbaycanlı qonaqları salamlayıb və konfransın Azərbaycan elmi-təhsil müəssisələri ilə yeni əməkdaşlıq layihələrinə əsas verəcəyini inamını bildirib. Professor Solmaz Rüstəmova-Tohidinin “Azərbaycanlıların Avropa universitetlərində təhsili – tarixi-faciəvi proses, yaxud gələcəyə açılan perspektivlər (Yüz illik tarixə bir baxış. 1850 – 1950-ci illər)” mövzusunda, professor Hamlet İsaxanlı “Universitet araşdırmaları uzaq Şərq və uzaq Qərb arasında. Azərbaycandan nəzər”, Vazeh Əsgərov isə  “Universitet əməkdaşlığı və elmi inteqrasıya: Azərbaycan və Avropa arasında UFAZ nümunəsi ” mövzularında məruzə ediblər. Konfransda həmçinin Strasburq Universitetinin müəllim və alimləri – Samim Akkönül, Stefan de-Tapia, Dilek Sarmıs, Tamerlan Quliyev, Didier Frankfort Avropa ali məktəblərinin Azərbaycanla əməkdaşlığının perspektivləri mövzusu ətrafında maraqlı fikirlər söyləyiblər. Konfrans iclasları Strasburq Universitetinin tanınmış azərbaycanlı alim, məşhur türkoloq, ölkəmizin böyük dostu, mərhum İren Melikoffun adını daşıyan ən böyük amfiteatr-auditoriyasında keçirilib və iclaslardan biri İren xanımın xatirəsinə həsr olunub. Tanınmış fransız türkoloqu, uzun müddət İren Melikoffla əməkdaşlıq etmiş Stefan de-Tapia və İren xanımın qızı, Şirin Melikoffun məruzə və çıxışları, nümayiş etdirilən filmlər Azərbaycanla Fransa arasında elmi əlaqələrin artıq 1990-cı illərdə yenidən bərpa olunduğunu təsdiq edib.

Həmin günün axşamı konfransın fransalı təşkilatçılarının azərbaycanlı alimlərin şərəfində verdiyi şam yeməyinə qatılmış Strasburq Universitetinin rektoru, professor Frederik Berrot xanım və prorektoru professor Jan Mark Planeks azərbaycanlı qonaqlar Hamlet İsaxanlı və Solmaz Rüstəmova-Tohidinin təmsil etdikləri elmi-təhsil qurumları və Strasburq Universiteti arasında təhsil və  akademik tədqiqatlar  sahəsində əməkdaşlıq perspektivlərini və istiqamətlərini  müzakirə ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: