Türkiyə Respublikasının İzmir şəhərində, Ege Universiteti, Ankara Sosial Elmlər Universiteti və Marmara Universitetinin təşkilatçılığı ilə “Tarixöncəsi dövrlərdən Dəmir dövrünün sonuna qədər Şərqi Anadolu arxeologiyası” mövzusunda beynəlxalq konfrans keçirilib.
2019-cu ildə İzmir şəhərində (DARK I), 2021-ci ildə isə onlayn formatda (DARK II) keçirilmiş birinci və ikinci toplantının davamı olan DARK III, eyni dövrlük çərçivəsini qorumaqla yanaşı, qonşu bölgələri də əlavə edərək Şərqi Anadoluda mövcud olmuş mədəniyyətlərə işıq tutan bütün mövzular üzrə çalışan tədqiqatçıları bir araya gətirməyi hədəfləmişdir.
Ege Universitetinin ev sahibi olduğu və üç gün davam edən konfransda Türkiyə, Azərbaycan, Gürcüstan, İtaliya, İran, ABŞ, Almaniya, Polşa, Fransa, Avstraliya və Ermənistandan olan arxeoloqların 30 məruzəsi dinlənilmişdir. Qeyd etmək lazımdır ki, simpoziumun xülasələri çap olunsa da, geniş məqalələrin DARK I və DARK II-də olduğu kimi SCOPUS indeksli nəşriyyatda dərc olunması nəzərdə tutulur.
Konfransda AMEA Arxeologiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Yaqub Məmmədov “Azıx mağarası: Homo cinsinin üç fərqli növünə ev sahibliyi edən bənzərsiz bir sahə” adlı məruzə ilə çıxış etmişdir. Yaqub Məmmədov çıxışında 1960–1982-ci illərdə Məmmədəli Hüseynovun rəhbərliyi altında Azıx mağarasında aparılmış tədqiqatlardan, həmçinin Qarabağ bölgəsi işğaldan azad olunduqdan sonra bərpa olunan yeni araşdırmalardan bəhs etmişdir. Əldə olunmuş nəticələr əsasında Azıx mağarasında üç fərqli insan növünün – Homo erectus, Homo heidelbergensis və Homo neanderthalensis – yaşadığı və bu xüsusiyyəti ilə unikal olduğu iştirakçıların diqqətinə çatdırılmışdır.
Qeyd etmək lazımdır ki, Yaqub Məmmədov konfrans çərçivəsində AMEA Arxeologiya və Antropologiya İnstitutunun son nəşrlərinə dair bir neçə nümunəni Ege Universiteti, Ədəbiyyat Fakültəsi, Arxeologiya Bölümünün müdiri Prof. Dr. Hüseyin Cevizoğluna təqdim etmişdir.
Konfransın son günü iştirakçıların İzmir şəhərində yerləşən, günümüzdən təxminən 8.500 il əvvələ – e.ə. 6500-cü illərə aid Anadolu’nun ən qədim yaşayış məskənlərindən biri olan Yeşilova Neolit məskəninə (Yeşilova Höyüğü) səfəri təşkil olunmuşdur.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.