Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

08.05.2026 09:00
  • A-
  • A
  • A+

Azərbaycanda təhsil, bilik mübadiləsi və uzunmüddətli inkişafı dəstəkləmə layihəsi çərçivəsində üç yeni kitabın təqdimatı

Azərbaycanda təhsil, bilik mübadiləsi və uzunmüddətli inkişafı dəstəkləmə layihəsi çərçivəsində üç yeni kitabın təqdimatı

Azərbaycanda təhsilin və elmi bilik mübadiləsinin inkişafına yönəlmiş sosial sərmayə layihəsi çərçivəsində üç yeni kitab Azərbaycan dilində nəşr edilib. Layihə ölkədə biliklərin əlçatanlığının artırılması, akademik potensialın gücləndirilməsi və uzunmüddətli inkişafın təşviqi məqsədi daşıyır. Layihə çərçivəsində bir yeni elmi nəşr hazırlanıb, iki nüfuzlu beynəlxalq kitab isə Azərbaycan dilinə tərcümə olunub.

Yeni nəşrlərin təqdimat mərasimində BP-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov, ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov, millət vəkili Vasif Qafarov, Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev və digər aidiyyəti şəxslər iştirak ediblər.

Tədbirdə BP-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli çıxış edərək Azərbaycanda təhsilin inkişafına və bilik mübadiləsinə dəstəyin şirkətin sosial təşəbbüslərinin əsas istiqamətlərindən birini təşkil etdiyini vurğulayıb. Qeyd edib ki, layihənin məqsədi açıq elm, süni intellekt və təmiz enerji sahələrində qlobal biliklərə çıxışı genişləndirmək, yerli tədqiqatçıların və tələbələrin yeni ideyalarla tanış olmasına şərait yaratmaqdır. Layihə Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyəti İctimai Birliyi tərəfindən icra olunub.

Sonra çıxış edən Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyəti İctimai Birliyinin sədri, “Açıq elmin öyrənilməsi üçün 12 modul” kitabının müəllifi  İlqar Orucov açıq elmin əhəmiyyətinə toxunaraq bildirib ki, bu yanaşma elmin demokratikləşdirilməsi, şəffaflığın artırılması və elmi biliklərin daha geniş auditoriya üçün əlçatan olması baxımından mühüm rol oynayır. İlqar Orucov əlavə edib ki, açıq elm artıq qlobal elmi sistemdə formalaşmış güclü bir hərəkatdır və təqdim edilən kitablar Azərbaycan alimləri və tədqiqatçıları üçün həm elmi, həm də praktiki baxımdan böyük əhəmiyyət daşıyır.

Daha sonra AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil şöbəsinin müdiri, filologiya elmləri doktoru, dosent Sərxan Xavəri çıxış edərək AMEA rəhbərliyi adından tədbir iştirakçılarını salamlayıb.

O, bildirib ki, bu gün təqdimatı keçirilən kitablar fərqli mövzuları əhatə etməsinə baxmayaraq, vahid ideoloji xətt – müasir dünyanın çağırışlarına cavab vermək ideyası ətrafında birləşir və mədəni, sosial-mənəvi baxımdan ümumi bir konseptual çətir yaradır.

Sərxan Xavəri qeyd edib ki, müasir dünyanın inkişaf trayektoriyası əsasən süni intellekt, rəqəmsal texnologiyalar, biliklər iqtisadiyyatı və harmoniya əsaslı dayanıqlı inkişaf anlayışları üzərində qurulur. Bu kontekstdə enerji təhlükəsizliyi hər bir dövlətin mövcudluğunun əsas qarantlarından biri kimi çıxış edir, eyni zamanda texnoloji təhlükəsizliyin təmin olunması da strateji əhəmiyyət kəsb edir.

Onun sözlərinə görə, təqdim olunan kitabların aktuallığı iki əsas amillə şərtlənir: birincisi, müasir dünyanın qlobal çağırışları, ikincisi isə Azərbaycanın real sosial-iqtisadi və mədəni inkişaf prioritetləridir. Alim qeyd edib ki, məhz bu çağırışlardan irəli gələrək Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoyub və bu mərhələnin əsasını biliklər iqtisadiyyatı, elmi innovasiyalar və institusional islahatlar təşkil edir.

Sərxan Xavəri, həmçinin beynəlxalq elmi mühitə inteqrasiyanın vacibliyini vurğulayıb, elmi sahədə həyata keçirilən islahatların beynəlxalq elmi ictimaiyyətlə əlaqələrin genişlənməsinə xidmət etdiyini söyləyib.

O, çıxışının sonunda bildirib ki, hər üç kitab həm elmi fəaliyyət sahəsində, həm də ictimai mühitdə yeni ideyaların formalaşmasına, müasir düşüncə tərzinin təşəkkülünə və intellektual diskursun zənginləşməsinə mühüm töhfə verəcək.

Qeyd edək ki, yeni nəşr edilən “Açıq elmin öyrənilməsi üçün 12 modul” kitabı açıq elmin əsas prinsipləri, açıq çıxış (open access), tədqiqat məlumatlarının məsuliyyətli istifadəsi və elmi məlumatların qorunması kimi aktual mövzuları əhatə edir. Nəşrin əsas məqsədi açıq elm sahəsində qlobal yanaşmaları tanıtmaq və tədqiqatçılarda məlumatlardan düzgün və etik istifadə bacarıqlarını formalaşdırmaqdır. Kitab Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyəti İctimai Birliyinin sədri İlqar Orucov, AMEA Arxeologiya və Antropologiya İnstitutunun Antropologiya Mərkəzinin aparıcı elmi işçisi Ruslan Rəhimli və beynəlxalq əmək bazarı üzrə ekspert Manuela Hargassner-Delpos tərəfindən nəşrə hazırlanıb.

Tərcümə olunan beynəlxalq nəşrlərdən biri avstriyalı alim Helga Nowotnynın “Biz süni intellektə güvənirik: Güc, illüziya və proqnozlaşdırıcı alqoritmlərə nəzarət” adlı kitabıdır. Əsərdə süni intellektin cəmiyyətə, etikaya və idarəetmə sistemlərinə təsiri, eləcə də texnologiyaya həddindən artıq etimad və qeyri-müəyyənlik problemləri təhlil olunur.

Digər nəşr isə Daniel J. Fiorinonun “Təmiz enerjiyə keçid: Aşağı karbonlu dünya üçün siyasətlər və strategiyalar” kitabıdır. Burada bərpa olunan enerji mənbələri, elektrikləşdirmə, enerji səmərəliliyi və dekarbonizasiya strategiyaları geniş şəkildə araşdırılır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: