Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda “Heydər Əliyev və Azərbaycan ədəbiyyatı” adlı elmi sessiya keçirilib.
Öncə institutda Heydər Əliyevlə bağlı nəşrlərdən ibarət sərgiyə baxış olub.
Tədbirdə institutun direktor müavini filologiya elmləri doktoru Mehman Həsənli Ümummilli Lider Heydər Əliyevin ədəbiyyata qayğısından, şair və yazıçılarla olan münasibətindən danışıb. O, Ulu Öndərin istər sovet, istərsə də müstəqilliyin bərpasından sonrakı dövrlərdə ədəbiyyat adamları ilə dostluğundan və klassiklərə olan yüksək münasibətindən bəhs edib.
Sonra Heydər Əliyevin yazıçı və şairlərlə görüşlərini əks etdirən videoçarx nümayiş olunub.
Tədbirdə XX əsr (sovet dövrü) Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri professor Asif Rüstəmli “Azərbaycan ədəbiyyatı Ulu Öndər Heydər Əliyevin dəyərləndirmə müstəvisində”, elmi katib filologiya üzrə fəlsəfə doktoru Aygün Bağırlı “Heydər Əliyevin ədəbiyyat strategiyası”, Ortaq başlanğıc və intibah dövrü Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri professor İmamverdi Həmidov “Heydər Əliyev və klassik ədəbi irs” mövzularında məruzə ediblər.