Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

12.05.2026 10:14
  • A-
  • A
  • A+

Neft və Qaz İnstitutunun əməkdaşı EGU General Assembly 2026 konfransında məruzə ilə iştirak edib

Neft və Qaz İnstitutunun əməkdaşı EGU General Assembly 2026 konfransında məruzə ilə iştirak edib

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Neft və Qaz İnstitutunun aparıcı elmi işçisi Bəhruz Əhədov Avropa Yer Elmləri Baş Assambleyasında (EGU European General Assembly 2026) "Is Climate Forcing Alone Sufficient to Explain the Decline of the Caspian Sea Level? Space-Geodetic Evidence of Tectonic Deformation Along the Neftchala-Lankaran Coast of Azerbaijan" adlı elmi məruzə ilə iştirak edib.

EGU Baş Assambleyası yer elmləri sahəsində dünyanın ən nüfuzlu beynəlxalq elmi tədbirlərindən biridir və hər il 20 mindən çox tədqiqatçını bir araya gətirir.

Təqdimatda Xəzər dənizinin səviyyə dəyişiklikləri, sahil xətti dinamikası və bu proseslərə təsir edən əsas amillər müzakirə olunub. Xüsusilə, iqlim faktorları ilə yanaşı tektonik proseslərin rolu peyk geodeziyası məlumatları əsasında təhlil edilib. Tədqiqatda InSAR texnologiyası və optik peyk məlumatlarından istifadə olunaraq yer səthindəki deformasiya prosesləri və onların Xəzər regionuna təsiri qiymətləndirilib.

Təqdim edilən elmi tədqiqatda əldə olunan nəticələr göstərir ki, Xəzər dənizinin səviyyə dəyişikliklərinin izahında yalnız iqlim amilləri kifayət etmir və geodinamik proseslər də mühüm rol oynayır. Qeyd edək ki, təqdim olunan nəticələr Xəzər dənizinin səviyyə dəyişikliklərinin geodinamik amillər və Xəzər ətrafı tektonik qırılmaların təsiri ilə əlaqəli şəkildə araşdırıldığı ilk tədqiqat işi kimi qiymətləndirilib və iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

Tədbir çərçivəsində həmçinin ABŞ, Türkiyə, Çin və Almaniyadan olan tədqiqatçılarla elmi müzakirələr aparılıb. Bu görüşlər zamanı gələcəkdə birgə tədqiqatların həyata keçirilməsi üçün ilkin əlaqələr qurulub və əməkdaşlıq imkanları müzakirə edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: