Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

12.05.2026 12:58
  • A-
  • A
  • A+

Kimya İnstitutunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib

Kimya İnstitutunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Kimya İnstitutunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.

Tədbir şəhidlərin və Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.

Sonra Dövlət Himni səsləndirilib, ardınca Heydər Əliyevin Azərbaycan Respublikasının inkişafındakı fəaliyyəti və zəngin dövlətçilik irsinə həsr olunmuş videoçarx nümayiş etdirilib. 

Tədbiri giriş nitqi ilə açan institutun direktoru səlahiyyətlərini icra edən, professor Əfsun Sucayev Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı əvəzsiz xidmətlərdən danışaraq bildirdi ki, ölkəmizdə ictimai-siyasi sabitliyin yaranması, respublikamızın nail olduğu yüksək iqtisadi inkişaf, o cümlədən, yüzlərlə məhsul istehsal edən kimya sənayesinin inkişafı  Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər hələ 1969-cu ildə Azərbaycanda hakimiyyətə gələndə ilk illərdən başlayaraq ölkədə neft-kimya sənayesinin inkişafına xüsusi diqqət ayırmış, məhz həmin illərdə Sumqayıtda kimya sənayesinin inkişafı, yeni kimya müəssisələrinin yaradılması, mövcud istehsalatların müasirləşdirilməsi sahəsində işlər xeyli sürətlənmişdi. O bildirib ki, Heydər Əliyev müasir Azərbaycan dövlətçiliyinin formalaşmasında olduğu kimi, elm və təhsilin inkişafında da mühüm rol oynamışdır. Onun təşəbbüsü ilə elmi-tədqiqat institutları yaradılmış, ali təhsil müəssisələri modernləşdirilmiş və təhsil sistemində əsaslı islahatlar həyata keçirilmişdir. Belə ki, Ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi 1969-1982-ci illərdə beş yeni ali təhsil müəssisəsi açılmış və ali məktəb tələbələrinin sayı 70 mindən 100 minədək artmışdır. Onun təşəbbüsü və himayəsi sayəsində 1970-ci ildən başlayaraq hər il gənclər SSRİ-nin nüfuzlu ali məktəblərində təhsil almağa göndərilimişdir. Həmin dövrlərdə  Sovetlər birliyinin 170-dən çox nüfuzlu ali məktəbində 250-dən çox ixtisas üzrə 15 mindən artıq azərbaycanlı gəncin ali təhsil almasına şərait yaradılmışdır. Bu isə respublikanın milli kadr potensialının daha da gücləndirilməsində mühüm rol oynamışdır. Müstəqillik illərində də, bütün sahələr kimi elm və təhsil sahəsi də daim Ulu öndərin diqqət mərkəzində olmuş, bu sahədə bir sıra qanunlar qəbul edilmiş, islahatlar aparılmışdır. Professor Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu siyasət nəticəsində ərazi bütövlüyünün bərpa olunduğunu, ictimai-siyasi sabitliyin və əmin-amanlığın daim qorunduğunu, əhalinin sosial rifahının yüksəldilməsininin dövlətin siyasətində xüsusi istiqamət olduğunu vurğuladı və bundan sonra da İlham Əliyevin rəhbərliyi ilə yeni şanlı səhifələrin yazılacağını, daha yüksək zirvələr fəth ediləcəyini qeyd  etdi.

Sonra tədbirdə çıxış edən dosent Faiq Məmmədov, Həmkarlar Təşkilatının sədri  dosent Vüsalə Məcidzadə, elmi işçi Nəzakət Əliyeva, Beynəlxalq əlaqələr sektorunun əməkdaşları Araz Dövlətov və Natiq Salahov Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsindəki rolundan, elm və təhsil, gənclər siyasətindən, Azərbaycan xalqı qarşısında misilsiz xidmətlərindən danışdılar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: