Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

04.05.2016 15:05
  • A-
  • A
  • A+

Ulu öndər Heydər Əliyev Azərbaycan incəsənətinin inkişafına daim böyük qayğı göstərib

Ulu öndər Heydər Əliyev Azərbaycan incəsənətinin inkişafına daim böyük qayğı göstərib

Mayın 4-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunun Elektron akt zalında Azərbaycan Dövlət Rəsm Qalereyasının və AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr edilən “Heydər Əliyev və Azərbaycan incəsənəti” mövzusunda respublika konfransı keçirilib.

Əvvəlcə iştirakçılar ulu öndər Heydər Əliyevin müxtəlif rəssamlar tərəfindən çəkilmiş portretlərindən ibarət sərgi ilə tanış olublar.

Konfransda AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli respublikamızda, xarici ölkələrdə və AMEA-da ümummilli lider Heydər Əliyevin yubileyinə həsr olunan silsilə tədbirlərin keçirildiyini söyləyib. Bildirilib ki, AMEA-da təşkil olunan müxtəlif seminar və konfranslarda Ulu Öndərin çoxşaxəli fəaliyyətinin başlıca qayəsi, ana xətti olan azərbaycançılıq təhlil və təbliğ edilir, dərindən öyrənilir, işıqlandırılır. Bugünkü konfrans da həmin tədbirlərin tərkib hissəsi olub, görkəmli dövlət xadiminin mədəniyyətlə, incəsənətlə əlaqələrinə həsr olunub.

Akademik İ.Həbibbəyli ümummilli lider Heydər Əliyevin Azərbaycan incəsənətinin hərtərəfli inkişafı istiqamətində misilsiz xidmətlərindən və sənət adamlarına böyük diqqət və qayğısından danışıb. Qeyd edilib ki, görkəmli dövlət xadimi ölkəmizdə daim elmin, mədəniyyətin, incəsənətin inkişafına böyük diqqət və qayğı göstərib. Mədəniyyət və incəsənət nümayəndələri mütəmadi olaraq Ulu Öndər tərəfindən fəxri adlara, yüksək mükafatlara layiq görülüblər.

Vurğulanıb ki, Ümummilli Lider Azərbaycan mədəniyyətinin, incəsənətinin qüdrətli bilicisi və vurğunu idi. Ölkəmizin tanınmış rəssamları, heykəltaraşları, memarları, istedadlı xalça ustaları Ulu Öndərin ən çox qiymətləndirdiyi sənətkarlar sırasında xüsusi yer tuturdu. Tarixi fotoşəkillərə baxdıqda ümummilli lider Heydər Əliyevin incəsənət xadimılərinə necə qayğı ilə yanaşmasının bir daha şahidi oluruq.

AMEA-nın vitse-prezidenti bildirib ki, ümummilli lider Heydər Əliyevin portretini rəssamlar yağlı boya və qrafika ilə, müxtəlif bədii texnikalarda və üslublarda işləyiblər. Azərbaycan incəsənətində Heydər Əliyevin obrazını yaradan sənətkarlardan Tahir Salahov, akademik Ömər Eldarov, Oqtay Sadıqzadə, Kamil Əliyev, Eldar Mikayılzadə və digərlərinin möhtəşəm rəsm əsərləri yaddaşlara yazılıb. Bu əsərlərin hər biri bənzərsiz olub, Ümummilli Liderin bədii obrazını yeni-yeni təcəssüm formalarında əks etdirir.

Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, akademik Ömər Eldarov Ulu Öndərlə bağlı xatirələrini bölüşüb, görkəmli dövlət xadiminin incəsənət nümayəndələrinə göstərdiyi diqqət və qayğıdan söz açıb.

Tədbirdə “Heydər Əliyev və Azərbaycan incəsənəti”, “Tahir Salahovun rəngkarlıq irsində Heydər Əliyev obrazı”, “Ümummilli lider Heydər Əliyevin obrazı xalçalarda”, “Rəssamların böyük dostu”, “Müasir Azərbaycan rəngkarlığında Heydər Əliyev obrazı”,“Heydər Əliyevin obrazı heykəltəraş Ömər Eldarovun yaradıcılığında” və digər mövzularda məruzələr dinlənilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

 

 

 

  • Paylaş: