Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

13.05.2026 11:15
  • A-
  • A
  • A+

“Geoloji-kəşfiyyat işlərində rəqəmsal texnologiyaların və süni intellektin tətbiqi” mövzusunda seminar keçirilib

“Geoloji-kəşfiyyat işlərində rəqəmsal texnologiyaların və süni intellektin tətbiqi” mövzusunda seminar keçirilib

AR ETN Neft və Qaz İnstitutunda “Geoloji-kəşfiyyat işlərində rəqəmsal texnologiyaların və süni intellektin tətbiqi” mövzusunda elmi seminar keçirilib.

Seminarı açan institutun baş direktoru, akademik Fəxrəddin Qədirov Azərbaycan Respublikasının  Prezidenti cənab İlham Əliyevin AMEA-nın 80 illik yubiley tədbirində rəqəmsal texnologiyaların və süni intellektin tətbiqi barədə çağırışını xatırladaraq bildirib ki, bu eyni zamanda neft və qaz sahəsində strateji istiqaməti müəyyən edən mühüm mesaj idi. Neft və qaz sahəsində süni intellektin effektiv tətbiqi və səmərəli nəticələrin əldə olunması üçün həm geologiyanı, həm texnologiyanı, həm də bütövlükdə neft-qaz sənayesinin elmi əsaslarını dərindən bilən yüksəkixtisaslı mütəxəssislərin hazırlanmasına böyük ehtiyac vardır. Akademik F.Qədirov bildirib ki, süni intelekt və rəqəmsal texnologiyalar neft sənayesinin inkişafı üçün güclü bir alətə çevrilir və neft sənayesinin rəqəmsal transformasiyası daha sistemli və sürətli addımlar tələb edir.

Bu baxımdan geologiya-mineralogiya elmləri doktoru, Rusiya Federasiyasının əməkdar geoloqu və Əməkdar elm xadimi, tanınmış neftçi geolog, professor Vaqif Kərimovun məruzəsi  böyük əhəmiyyət daşıyır.

Daha sonra məruzəçi  professor Vaqif Kərimov "Rəqəmsal Xəzər" məlumat bazası, süni intellekt, böyük məlumatlar, coğrafi informasiya sistemləri və rəqəmsal əksləri birləşdirərək regional neft və qaz sistemlərinin modelləşdirilməsi və proqnozlaşdırılması, hövzə və karbohidrogen sistemlərinin rəqəmsal modelləri (əksləri), neft və qaz kəşfiyyatınin optimallaşdırılmasına və səmərəliliyinin artırılmasına imkan verən risklərin qiymətləndirilməsi kimi perspektiv istiqamətlərdə aparılan tədqiqat nəticələri haqqında dinləyicilərə ətraflı məlumat çatdırıb. Professor V.Kərimov eyni zamanda gənc tədqiqatçılara neft geologiyası sahəsində rəqəmsal texnologiyaların və süni intellektin tətbiqinin perspektiv istiqamətləri və yanaşma üsulları haqqında məsləhətlər verib.

Seminarda  Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU), Bakı Dövlət Universiteti (BDU), UFAZ, Azərbaycan Texniki Universitetinin, BDU və ADNSU-nun tələbə və müəllim heyəti iştirak edib. Seminarın işində, həmçinin AMEA-nın vitse-prezidenti, tanınmış neftçi-geoloq, geologiya-mineralogiya elmləri doktoru, professor, akademik İbrahim Quliyev də iştirak edib.

Sonda mövzu ətrafında müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb və geoloji-kəşfiyyat sahəsində rəqəmsal texnologiyaların və süni intellektin tətbiqinin perspektivləri müzakirə olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: