AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun əməkdaşları Xəzər Universitetində İsmayıl bəy Qaspıralının “Dildə, fikirdə və işdə birlik” ideyası mövzusuna həsr olunmuş I Beynəlxalq “Türk dünyasında mədəniyyət və dəyərlərin izləri” Simpoziumunda iştirak ediblər.
Ölkəmizin alim və mütəxəssisləri ilə yanaşı, beynəlxalq miqyaslı bu elmi toplantıya Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Tatarıstan, Malayziya və Əlcəzairin aparıcı təhsil və elmi-tədqiqat müəssisələrindən də bir sıra tədqiqatçılar qatılıb.
Türk dünyasının tarixi köklərindən gələn mədəni kodları və ortaq mənəvi dəyərləri müasir elmi müstəvidə bir araya gətirmək məqsədi ilə keçirilmiş simpoziumda şöbə müdiri fil.ü.f.d., dosent Xatirə Yusifova, aparıcı elmi işçilər – fil.ü.f.d., dosent Aybəniz Rəhimova, fəl.ü.f.d., dosent Rübabə Şirinova, fil.ü.f.d., dosent Afaq Əliyeva və fil.ü.f.d. Sevinc Bayramova, böyük elmi işçilər – Nicabət İslamova və Sevda Muradova, elmi işçilər – Jalə Rüstəmova, Zəhra Qəniyeva və Ramidə Abbasova, kiçik elmi işçi Afaq Hacıyeva və tərcüməçi Nuranə Çələbiyeva dil, ədəbiyyat, mədəniyyət, tarix, milli kimlik, din və fəlsəfə istiqamətlərini əhatə edən məruzələrlə çıxış ediblər. Təqdim olunmuş məruzələrdə dini qəhrəmanlıq dastanlarının dil-üslub xüsusiyyətlərindən, XIII əsr abidəsi və onun tərcümələrindən, Əbdürrəhim bəy Haqverdiyevin gizli imzalarından, Səfəvi cəmiyyətində qadınların ictimai və mədəni rolundan, XX əsr Azərbaycan mətbuatında Osmanlı ədəbiyyatından, orta əsr türk-islam alimlərinin əlyazma irsinin dünya elminin inkişafında rolundan və bir sıra aktual məsələlərdən bəhs olunub. Məruzələr simpozium iştirakçıları tərəfindən maraqla qarşılanıb, verilən sullar cavablandırılıb.
Simpozium çərçivəsində əməkdaşlarımız dolğun və əhatəli çıxışlarına görə təşkilatçı qurumların sertifikatına layiq görülüblər.
Qeyd edək ki, beynəlxalq simpozium Türkiyənin Qafqaz Universitetinin təşkilatçılığı, həmçinin TC Amasya Universiteti, AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu, Mövlana Ədəbi-Fəlsəfi Araşdırmalar İnstitutu (MƏFAİ), Gəncə Dövlət Universiteti, Azərbaycan İlahiyyat İnstitutu və Özbəkistanın Beynəlxalq Buxara Universitetinin tərəfdaşlığı ilə həyata keçirilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.