Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

15.05.2026 12:04
  • A-
  • A
  • A+

Türkiyəli Nizamişünas alim Nizami Gəncəvi məqbərəsində

Türkiyəli Nizamişünas alim Nizami Gəncəvi məqbərəsində

Türkiyənin Hacettepe Universitetinin Ədəbiyat fakültəsi Türk dili və Ədəbiyyatı bölümünün Osmanlı Türk Ədəbiyyatı sahəsi üzrə alimi, dosent, doktor Aysun Çelik AMEA Gəncə Bölməsində, Nizami Gəncəvi Muzeyində olub və Nizami Gəncəvi Məqbərəsini ziyarət edib.

Qonağı Gəncə Bölməsinin elmi işlər üzrə sədr müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Əlimuxtar Muxtarov və Muzeyin direktoru Teymur Əliyev qarşılayıblar.

Görüş əsnasında Əlimuxtar Muxtarov Nizami Gəncəvinin həyat və yaradıcılığından, Azərbaycan şairi kimi ümumbəşəri ideyaların carçısı olmasından, türklüyü ilə fəxr etməsindən, mənsub olduğu Azərbaycan xalqı ilə yanaşı, dünya xalqlarına rəğbətindən, dahi şairin irsini tədqiq edən Azərbaycan alimlərindən, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin, Prezident İlham Əliyevin dahi Azərbaycan mütəfəkkirinin irsinə, “Xəmsə”sinə, məqbərəsinə, doğma şəhəri Gəncəyə böyük diqqət və qayğısından, 2021-ci ilin Azərbaycanda “Nizami Gəncəvi İli” elan edilməsindən geniş söhbət açıb.

“Biz bu gün Türk dünyasının dahi mütəfəkkiri və klassik Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Nizami Gəncəvinin doğma yurdu olan Gəncə şəhərindəyik. Nizami Gəncəvinin zəngin mənəvi irsi, fəlsəfi təfəkkürü və bəşəri idealları bu məkanın ruhunda yaşayır. Gəncə yalnız tarixi deyil, həm də milli-mədəni dəyərləri ilə seçilən müqəddəs bir mədəniyyət ocağıdır. Burada təbiətin saflığı ilə mənəvi ucalıq vəhdət təşkil edir. Bu gün böyük qürur və sevinc hissi keçiririk, çünki Nizami irsinin yaşadığı və yaşadıldığı bir məkanda olmaq xüsusi mənəvi əhəmiyyət daşıyır.”- deyə  vurğulayan Aysun Çelik də öz növbəsində Azərbaycanda Nizami Gəncəvinin həyatı və yaradıcılığının tədqiqi, adının əbədiləşdirilməsi ilə bağlı dövlət səviyyəsində həyata keçirilən tədbirləri yüksək qiymətləndirərmiş, eyni zamanda  Türkiyədə Nizami irsinin tədqiqi, Azərbaycan Səfirliyi nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin bu sahədə həyata keçirdiyi böyük layihələrdən, dahi şairin “Xəmsə”sinin türk dilinə tərcüməsindən geniş söhbət açmış və Azərbaycan Mədəniyyət Mərkəzi, Gəncə Bölməsi Nizami Gəncəvi Mərkəzi ilə uğurlu əməkdaşlığın gələcək perspektivlərindən söhbət açıb.

Türkiyəli tədqiqatçı eyni zamanda 2025-ci ildə Kembric Universitetində “Asya ve Ortadoğu Araştırmaları Fakültesi”ndə 6 aylıq elmi ezamiyyəti dövründə Nizqami Gəncəviyə məxsus qədim əlyazmalar üzərində tədqiqatlar apardığını vurğulayaraq, Nizamişünaslıq fəaliyyətindən geniş söhbət açıb.

Qeyd edək ki, Türkiyəli tədqiqatçı Aysun Çelik Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologya fakültəsinin rəsmi dəvəti ilə  işbirliyi çərçivəsində Filologiya fakültəsinin qonağıdır. Qonaq səfər çərçivəsində eyni zamanda AMEA-da olub, rəhbərliyin tapşırıq və tövsiyələri  ilə “Nizamişünaslıq” şöbəsini də ziyarət edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: