“18 May – Beynəlxalq Muzeylər Günü” münasibətilə təşkil olunan silsilə tədbirlər çərçivəsində AMEA Arxeologiya və Antropologiya İnstitutunun Muzey-Sərgi zalında Əmi Məmmədov adına publik hüquqi şəxs statuslu 101 saylı tam orta məktəbin, 6 “C” sinif şagirdlərinin iştirakı ilə maarifləndirici ekskursiya və keramika sənətinə həsr olunmuş ustad dərsləri keçirilib.
Tədbirdə peşəkar rəssam-keramist Səidə Musayeva və institutun əməkdaşı Nurlana Həsənovanın iştirakı ilə gil keramika sənətinin nəzəri və praktiki əsaslarını əhatə edən yaradıcılıq məşğələləri təşkil olunmuşdur.
Tədbirin təşkilində məktəbin direktoru Xəyalə Əzizova tərəfindən dəstək göstərilmiş, sinif rəhbəri – Azərbaycan dili müəllimi Qasımova Fatma və sinfin ekskursiyada iştirakını təşkil edən sinif komitəsinin üzvü Nigar Yusibova prosesdə iştirak etmişdir.
Qeyd edilməlidir ki, tədbir institutun Elmi Ekspozisiyanın Təşkili şöbəsinin nəzdində fəaliyyət göstərən “Arxeoloji Dərnəyin” üzvləri Leyla Xalıqova və Nəzrin Quliyevanın təşəbbüsü və “Arxeokids” layihəsi əsasında həyata keçirilmişdir. Layihənin əsas məqsədi məktəblilərdə arxeologiya, qədim maddi mədəniyyət nümunələri və ənənəvi sənət sahələrinə marağın artırılması, onların muzey mühiti ilə yaxından tanışlığının təmin edilməsi və yaradıcı bacarıqlarının inkişaf etdirilməsi olmuşdur.
Ekskursiya çərçivəsində şagirdlər muzey əməkdaşları tərəfindən qarşılanaraq salamlanmış, daha sonra AMEA AAİ-nun Elmi ekspozisiyanın təşkili şöbəsinin müdiri Orxan Zamanov ekspozisiyadakı hər bir vitrin, xüsusilə keramika haqqında geniş məlumat vermişdir. Şagirdlər ekspozisiyada nümayiş etdirilən arxeoloji eksponatlar, qədim maddi-mədəniyyət nümunələri və tarixi tapıntılarla yaxından tanış olmuş, vitrinlər üzrə aparılan izahatlar vasitəsilə Azərbaycanın qədim tarixi və mədəni irsi haqqında ətraflı məlumat əldə etmişlər.
Tədbirin növbəti mərhələsində iştirakçılar üçün gil keramika sənətinə dair maarifləndirici videomaterial nümayiş etdirilmişdir. Daha sonra Səidə Musayeva tərəfindən uşaqlara gillə işləmə texnikası, materialın xüsusiyyətləri, təhlükəsizlik qaydaları və yaradıcılıq prosesi zamanı davranış prinsipləri barədə praktiki təlimat verilmişdir. Təlimatlandırmadan sonra şagirdlər gildən müxtəlif fiqurlar və məişət əşyaları hazırlamış, muzey əməkdaşları proses boyu onlara metodiki və praktiki dəstək göstərmişlər. Yaradıcılıq prosesi 2 saat davam etmişdir.
Şagirdlər tədbirin onlar üçün olduqca maraqlı, maarifləndirici və fərqli təcrübə olduğunu bildirərək həm yeni biliklər qazandıqlarını, həm də yaradıcı fəaliyyət prosesində əyləncəli və səmərəli vaxt keçirdiklərini qeyd etmişlər. Tədbirin sonunda iştirakçılar muzey əməkdaşlarına kollektiv şəkildə təşəkkürlərini ifadə etmişlər.
Sinif rəhbəri Qasımova Fatma çıxışında bu kimi maarifləndirici tədbirlərin şagirdlərin dünyagörüşünün genişlənməsində, onların tarixə, mədəni irsə və milli dəyərlərə marağının formalaşmasında mühüm rol oynadığını vurğulamış, istirahət günlərinin uşaqlar üçün həm öyrədici, həm də yaradıcı mühitdə təşkil olunmasını yüksək qiymətləndirmişdir. Sonda tədbirin təşkilində əməyi olan institut əməkdaşlarına, layihənin təşəbbüskarlarına və ustad dərslərinin təşkilatçılarına təşəkkür bildirilmişdir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.