Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Antropologiya İnstitutunun və Milli Azərbaycan Tarixi Muzeyinin birgə təşkilatçılığı ilə “18 May – Beynəlxalq Muzeylər Günü”-nə həsr olunmuş “Rəqəmsallaşdırma kontekstində mədəni irsin qorunması və tədqiqi” mövzusunda seminar keçirilib.
Tədbirdə alimlər, muzey mütəxəssisləri, tədqiqatçılar və digər qonaqlar iştirak ediblər.
Tədbirin açılış hissəsində çıxış edən Milli Azərbaycan Tarixi Muzeyinin elmi katibi, tarix üzrə fəlsəfə doktoru, dosent Sevinc Nəsirova muzeylərin rəqəmsal transformasiyasının əhəmiyyətindən bəhs edib, müasir texnologiyaların ekspozisiya və elmi tədqiqat sahəsində yaratdığı imkanları diqqətə çatdırıb. Daha sonra AMEA Arxeologiya və Antropologiya İnstitutunun Ümumi işlər üzrə direktor müavini, tarix üzrə fəlsəfə doktoru, dosent Şövqü Həsənov çıxış edərək rəqəmsal humanitar elmlərin inkişafının mədəni irsin qorunması baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb. Seminarın akademik hissəsində AMEA Arxeologiya və Antropologiya İnstitutu Elmi Ekspozisiyanın Təşkili şöbəsinin böyük elmi işçisi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Təsviri sənət tarixi və nəzəriyyəsi kafedrasının professoru t.ü.f.d Məlahət Fərəcova açıq hava altında olan muzeylərdə rəqəmsal texnologiyaların tətbiqi və müasir ekspozisiya metodları haqqında məruzə ilə çıxış edib.
Arxeologiya və Antropologiya İnstitutunun Arxeoloji abidələrin qeydiyyatı və pasportlaşdırılması şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Mikayıl Mustafayev çıxışında arxeoloji abidələrin rəqəmsal qeydiyyatı və elektron bazaların formalaşdırılması istiqamətində görülən işlərdən bəhs edib.
Milli Azərbaycan Tarixi Muzeyinin böyük elmi işçiləri, tarix üzrə fəlsəfə doktorları Aida İsmayılova və Laçın Mustafayev çıxışlarında muzey fondlarının rəqəmsallaşdırılması, eləcə də mədəni irsin tədqiqində innovativ yanaşmaların tətbiqi ilə bağlı fikirlərini iştirakçılarla bölüşüblər.
Seminarda həmçinin müzakirələr aparılıb. Sonda seminarın təşkilatçılarından, AMEA Arxeologiya və Antropologiya İnstitutunun Elmi ekspozisiyanın təşkili şöbəsinin müdiri, Xəzər Universitetinin Tarix və arxeologiya departamentinin müəllimi Orxan Zamanovun mövzu ilə bağlı çıxış etdi.
Çıxışlarda Beynəlxalq Muzeylər Günü UNESCO və ICOM təşəbbüsü ilə dünya miqyasında muzeylərin mədəni irsin qorunması, elmi tədqiqatların inkişafı və ictimai maarifləndirmədəki rolunu ön plana çıxarmaq məqsədilə qeyd edildiyi vurğulanıb. Bildirilib ki, rəqəmsallaşdırma prosesi müasir dövrdə muzey fəaliyyətinin əsas istiqamətlərindən birinə çevrilib və bu sahədə tətbiq olunan yeni texnologiyalar mədəni irsin gələcək nəsillərə daha etibarlı şəkildə ötürülməsinə xidmət edir.
Tədbir seminarda iştirak edən gənc tədqiqatçılar və tələbələr üçün xüsusi təşkil olunmuş ekskursiya ilə yekunlaşmışdır və iştirakçılarla xatirə fotosu çəkilmişdir.
Tədbirdə AMEA Arxeologiya və Antropologiya İnstitutu ilə Milli Azərbaycan Tarixi Muzeyi arasında əməkdaşlığın elmi tədqiqatların, muzey praktikasının və rəqəmsal humanitar elmlərin inkişafı baxımından xüsusi əhəmiyyət daşıdığı vurğulanıb. Sonda seminar iştirakçılarına təşəkkür bildirilib, mədəni irsin qorunması və rəqəmsallaşdırılması sahəsində gələcək əməkdaşlıq perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.