Son günlər Lənkəran rayonu ərazisində apardığımız arxeoloji kəşfiyyat işləri zamanı rayonun Parakənd kənd məktəbinin arxasında, təzə salınmış məhəllənin ərazisində Xalkolit dövrünə aid yaşayış yeri aşkar edilmişdir. Abidə Parakənd kəndinin şimal-şərqində, Lənkəran-Astara magistral yoldan təqribən 500 m şimaldakı ovalıq ərazidə yerləşir.
Yaşayış yeri uzunsov təpə formasında olub, hündürlüyu 3 m, uzunluğu 30 metrə yaxındır. Qərbdən və cənubdan yaşayış evləri ilə, şimaldan kiçik meşə sahəsi ilə, şərqdən isə su kanalı ilə hüdudlanır. Abidə dəniz səviyyəsindən 10 m aşagıda yerləşir. Parakənd kəndinin ərazisində yerləşdiyinə görə abidənin şərti olaraq “Parakənd Xalkolit yaşayış yeri” adlandırılması məqsədəuyğundur. Kənd sakinləri həmin təpədən torpaq daşıdıqlarından abidənin mədəni təbəqəsi qismən zədələnmiş, 2 m -dən artıq hündürlükdə kəsik yaranmışdır. Həmin hissə nəzərdən keçirildikdə burada saxsı məmulatı və kül qlıqlarının olduğu mədəni təbəqə izlənilir. Kəsikdən Xalkolit dövrünə aid olan “ələ bulanan keramika” adlandırılan saxsı qab fraqmentləri və qalın divarlı qablara aid fraqmentlər toplanıldı. Buradan aşkar olunan oxşar keramika nümunələri abidədən təqribən 2-3 km aralıda yerləşən Telmankənd kurqanlarının və Cəlilabad rayonundakı Əliköməktəpə Xalkolit abidəsinin qazıntılarından məlumdur. Aşkar olunan saxsı qab fraqmentlərinin bir qisminin gilinin tərkibində bitki qalıqları müşahidə edilir. Burdan bir ədəd üzərində işləmə izləri olan çay daşından əmək aləti də tapıldı. Onun da qeyd edək ki, Parakənd abidəsi Lənkəran rayonu ərazisndə Xalkolit dövrünə aid üzə çıxarılan ilk yaşayış yeridir. İlkin müşahidələr əsasında abidəni e.ə. V minilliyə aid etmək olar. Gələcək tədqiqatlar nəticəsində bu tarixləndirməni daha da dəqiqləşdirmək mümkün olacaqdır.
Samir Kərimov, AMEA Lənkəran Regional Elmi Mərkəzin elmi işlər üzrə direktor müavini, tarix üzrə fəlsəfə doktoru
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.