Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat İnstitutunda “Şərq-Qərb Nəqliyyat Dəhlizində Logistika, İdarəetmə və İstismar Problemləri”nə həsr olunmuş 5-ci Beynəlxalq Konfrans öz işinə başlayıb.
Konfrans Elm və Təhsil Nazirliyi Riyaziyyat İnstitutu, Polşanın Sileziya Texnologiya Universiteti, Çinin Guangzhou Universiteti, Özbəkistanın Daşkənd Dövlət Nəqliyyat Universiteti və Azərbaycan Texnologiya Universitetinin birgə təşkilatçılığı ilə keçirilir.
Konfransda Azərbaycan elmi ictimaiyyətinin nümayəndələri, həmçinin ABŞ, Polşa, Macarıstan, Makedoniya, Litva, Türkiyə, Ukrayna, İsveç, Çin, Gürcüstan və Özbəkistanın alim və tədqiqatçıları iştirak edirlər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat İnstitutunun direktor müavini, dosent Elxan Səbziyev konfransı giriş sözü ilə açaraq iştirakçıları salamlayıb, konfransın olduqca vacib mövzuya həsr edildiyini vurğulayıb və uğurlar arzu edib. Bildirib ki, Şərq-Qərb Nəqliyyat Dəhlizi qədim İpək Yolunun müasir davamı olmaqla yanaşı, regional iqtisadi əməkdaşlığın inkişafında mühüm rol oynayır. O, qeyd edib ki, dəhliz üzv ölkələr arasında iqtisadi rifahın, mədəni əlaqələrin və beynəlxalq əməkdaşlığın genişlənməsinə mühüm töhfə verir.
Elxan Səbziyev çıxışında vurğulayıb ki, “Bir Kəmər, Bir Yol” təşəbbüsünün ayrılmaz hissəsi olan Şərq-Qərb Dəhlizi Avropa ilə Çini birləşdirən ən qısa və strateji ticarət marşrutlarından biridir. Onun sözlərinə görə, müasir dövrdə logistika və nəqliyyat sahəsində yaranan çağırışlar innovativ yanaşmaların tətbiqini zəruri edir. Bildirib ki, rəqəmsal texnologiyalar, rəqəmsal iqtisadiyyat və müasir idarəetmə sistemlərinin tətbiqi yükdaşımaların daha səmərəli təşkilinə və logistika problemlərinin həllinə əhəmiyyətli təsir göstərə bilər.
Konfransın əsas məqsədinin dövlət qurumları, alimlər, universitetlər və beynəlxalq təşkilatlar arasında əməkdaşlığın genişləndirilməsi, həmçinin nəqliyyat və logistika sahəsində mövcud problemlərin elmi-praktiki müstəvidə müzakirəsi olduğu diqqətə çatdırılıb.
Qeyd edilib ki, builki konfrans Azərbaycanın görkəmli alimi, fizika-riyaziyyat elmləri doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü professor Kamil Ayda-zadənin 75 illik yubileyinə həsr olunub.
Konfransda AMEA-nın vitse-prezidenti, AR ETN İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru akademik Rasim Əliquliyev, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov, Polşanın Sileziya Texnologiya Universitetinin nümayəndəsi, “Nəqliyyat problemləri” beynəlxalq elmi jurnalının baş redaktoru professor Aleksandr Sladkovski, Gürcüstan Maşın Mexanikası İnstitutunun direktoru, akademik Tamaz Natriaşvili, Qazaxıstan Respublikası Milli Elmlər Akademiyasının akademiki, İnformasiya və Hesablama Texnologiyaları İnstitutunun baş direktorunun müşaviri Maksat Kalimoldayev, Daşkənd Dövlət Nəqliyyat Universitetinin nümayəndəsi Rüstəm Rahimov, Azərbaycan Texnologiya Universitetinin rektoru Yaşar Ömərov və digər çıxışçılar professor Kamil Ayda-zadəni 75 illik yubileyi münasibətilə təbrik edərək ona möhkəm cansağlığı, yeni elmi nailiyyətlər və uğurlar arzulayıblar.
Çıxışlarda professor Kamil Ayda-zadənin Azərbaycan elminin inkişafındakı xidmətləri, yetişdirdiyi elmi kadrlar və beynəlxalq elmi əməkdaşlığa verdiyi töhfələr xüsusi vurğulanıb. Bununla yanaşı, konfransın nəqliyyat-logistika sahəsində mövcud problemlərin müzakirəsi, innovativ həllərin tətbiqi, rəqəmsal iqtisadiyyatın imkanlarının araşdırılması və beynəlxalq əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyətli platforma olduğu qeyd edilib.
Tədbir çərçivəsində Şərq-Qərb Nəqliyyat Dəhlizinin inkişaf perspektivləri, yükdaşımaların optimallaşdırılması, müasir rəqəmsal idarəetmə sistemlərinin tətbiqi və Dördüncü Sənaye İnqilabının nəqliyyat sektoruna təsiri ilə bağlı geniş müzakirələr aparılıb. Bildirilib ki, rəqəmsal texnologiyaların tətbiqi logistika və nəqliyyat sahəsində idarəetmənin təkmilləşdirilməsi, yükdaşımaların təhlükəsizliyinin və operativliyinin artırılması baxımından mühüm əhəmiyyət daşıyır.
Çıxış edənlər Şərq-Qərb Nəqliyyat Dəhlizinin yalnız iqtisadi deyil, həm də geosiyasi və strateji baxımdan mühüm rol oynadığını vurğulayıblar. Qeyd olunub ki, bu dəhliz region ölkələri arasında əməkdaşlığın güclənməsinə, beynəlxalq ticarət əlaqələrinin genişlənməsinə və dayanıqlı inkişafın təmin olunmasına mühüm töhfə verir. Konfrans iştirakçıları bu qəbil beynəlxalq tədbirlərin elm, təhsil və nəqliyyat-logistika sahələri arasında əməkdaşlığın inkişafına, yeni elmi yanaşmaların formalaşmasına və qabaqcıl təcrübələrin paylaşılmasına geniş imkan yaratdığını bildiriblər.
Daha sonra konfrans öz işinə plenar sessiya və seksiyalarla davam edib.
Qeyd edək ki, 18-21 may tarixlərini əhatə edən beynəlxalq konfrans öz işini Gəncə və Qəbələ şəhərlərində panel iclasları, elmi müzakirələr və müxtəlif seksiyalarla davam etdirəcək.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.