Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

21.05.2026 09:42
  • A-
  • A
  • A+

Şərqşünaslıq İnstitutunda “Qədim Misir, Şumer və türk xalqlarının ədəbiyyatında əbədi həyat konsepsiyası” mövzusunda elmi seminar

Şərqşünaslıq İnstitutunda “Qədim Misir, Şumer və türk xalqlarının ədəbiyyatında əbədi həyat konsepsiyası” mövzusunda elmi seminar

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda “Qədim Misir, Şumer və türk xalqlarının ədəbiyyatında əbədi həyat konsepsiyası” mövzusunda elmi seminar keçirilib.

Seminarın sədri, institutun Yazılı abidələrin tədqiqi və nəşri şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Mehdi Kazımov institutda mütəmadi keçirilən elmi seminarların elmi düşüncənin inkişafı və aktual tədqiqat istiqamətlərinin müzakirəsi baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb. O bildirib ki, bugünkü seminarda şumerşünas alim Sevinc Nuriyeva Qədim Misir, Şumer və türk xalqlarının ədəbiyyatında əbədi həyat konsepsiyasını müqayisəli şəkildə təhlil edəcək.

Seminarda İnstitutun Asiya-Sakit okean regionu ölkələri şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Sevinc Nuriyeva  “Qədim Misir, Şumer və türk xalqlarının ədəbiyyatında əbədi həyat konsepsiyası” mövzusunda məruzə ilə çıxış edib.

Əbədi həyat ideyasının bəşər mədəniyyətinin ən qədim və universal mövzularından biri olduğunu deyən S.Nuriyeva bildirib ki, insan ömrünün faniliyi, ölüm qarşısında acizlik və bu faniliyi aşmaq arzusu həm Şumer, həm qədim Misir, həm də qədim türk xalqlarının ədəbi-mifoloji düşüncəsində mühüm yer tutur. Onlarda bu mövzu fərqli dünyagörüşləri və inanclar fonunda formalaşsa da, insanın ölümsüzlük axtarışı ortaq bəşəri problem kimi təqdim olunur.

Tədqiqatçı vurğulayıb ki, Qədim Misir mətnlərində əbədi həyat daha çox ruhun axirət dünyasında davamlı mövcudluğu və ilahi harmoniyaya qovuşması ilə əlaqələndirilirsə, Şumer ədəbiyyatında bu ideya insanın ölüm qarşısındakı acizliyi və ölümsüzlük axtarışının mahiyyəti kontekstində təqdim olunur; türk xalqlarının mifoloji düşüncəsində isə əbədi həyat insanın ad-san, mənəvi yaddaş və nəsillərin xatirəsində yaşaması ilə bağlı fəlsəfi məna daşıyır.

Sonda məruzə ətrafında müzakirələr aparılıb və suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: