AMEA-nın Rəyasət Heyəti aparatının vitse-prezidentlərin xidmətinin elmi katibi biologiya elmləri doktoru, dosent Tubuxanım Qasımzadə BMT-nin İnsan Məskənləri Proqramı – UN-Habitat və ətraf mühitin mühafizəsi, biomüxtəlifliyin qorunması, eləcə də dayanıqlı inkişaf sahəsində dünyanın aparıcı beynəlxalq təşkilatlarından biri olan Beynəlxalq Təbiəti Mühafizə Birliyi (IUCN) tərəfindən birgə təşkil olunan “Evlərdən yaşayış yerlərinə - təbiətə təsirin ölçülməsi - İqlim dayanıqlılığının yüksəldilməsi üçün müsbət şəhərsalma” mövzusunda xüsusi sessiyada iştirak edib.
Sessiyanın mövzusu üzrə müzakirələrdə b.e.d. T.Qasımzadə biofil şəhərlər haqqında danışaraq, təbiətin memarlığa və gündəlik həyata inteqrasiyasını, sakinlərin yaşayış mühiti ilə daimi təmasda olmasını təmin edən şəhərsalma konsepsiyası kimi onların əhəmiyyətini, stresi azaldan, insanların sağlamlığını yaxşılaşdıran, yaşıl damlar, parklar və şaquli bağlar vasitəsilə biomüxtəlifliyi dəstəkləyən rahat, ekoloji cəhətdən təmiz bir mühit yaratmaqda rolunu qeyd edib. Biofil Şəhərlər Şəbəkəsinin Barselona, Oslo, Toronto, San-Fransisko, Vellinqton, Birminhem və s. daxil olmaqla 24 şəhəri əhatə etdiyini vurğulayıb. Həmçinin yaxın gələcəkdə çıxışçıların təmsil etdiyi şəhərlərin və Bakının (Sea Breeze Resort nümunə göstərərilməklə) həmin şəbəkəyə qoşulmasını arzulayıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.