AMEA-nın Şəki Regional Elmi Mərkəzinin Elmi şurasının 2 saylı iclası keçirilib.
İclasda 12 nəfər Elmi şura üzvü, şöbə rəhbərləri və elmi işçilər iştirak ediblər.
Əvvəlcə fiz.ü.f.d., dos. Yusif Şükürlünün xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Şəki REM-in direktor vəzifəsini icra edən, fil.e.d., dos. Kamil Adışirinov Elmi şura üzvlərini gündəlikdəki məsələlərlə tanış edib, gündəlik səsə qoyularaq qəbul edilib.
İclasda gündəlikdə duran bir sıra mühüm məsələlər müzakirə olunub.
Elmi katib Vəfa Atayeva AMEA Rəyasət Heyətinin 25 fevral, 12 mart, 30 aprel 2026-cı il tarixli qərarların icrası istiqamətində Şəki Regional Elmi Mərkəzdə həyata keçiriləcək tədbirlərdən danışaraq bildirib ki, elmi, elmi-təşkilati fəaliyyətin müasir tələblərə uyğun qurulması, elmi nəticələrin təbliği, beynəlxalq əməkdaşlıq əlaqələrinin genişləndirilməsi və gənc tədqiqatçıların elmi fəaliyyətə təşviqi əsas prioritet istiqamətlərdəndir. O, həmçinin qəbul edilmiş qərarların icrası məqsədilə müvafiq şöbələr qarşısında konkret vəzifələrin müəyyənləşdirildiyini diqqətə çatdırıb.
Qeyd olunan prioritet istiqamətlər üzrə fəaliyyətin gücləndirilməsi qərara alınıb, qərarların icrası üçün Şəki Regional Elmi Mərkəzinin aidiyyəti şöbələri qarşısında konkret vəzifələr qoyulub və onların həyata keçirilməsi tapşırılıb.
Daha sonra İnsan resursları şöbəsinin rəhbəri Ülviyyə Osmanova Azərbaycan Respublikasının Əmək Məcəlləsində edilmiş dəyişikliklər və bununla bağlı AMEA qarşısında duran vəzifələr haqqında AMEA Rəyasət Heyətinin 3 fevral 2026-cı il tarixli qərarı barədə məlumatı diqqətə çatdırıb.
İclasda Azərbaycan Respublikası Prezidentinin “Xalq şairi Səməd Vurğunun 120 illiyinin qeyd edilməsi haqqında” 23 fevral 2026-cı il tarixli Sərəncamının icrası ilə bağlı məsələlər də müzakirə olunub. Bununla əlaqədar Ədəbi-mədəni mühit və folklor şöbəsinin müdiri, fil.ü.f.d. İradə Yusifova AMEA Rəyasət Heyətinin qərarı əsasında hazırlanmış tədbirlər planı barədə məlumat verib.
Müzakirələrdən sonra Səməd Vurğunun 120 illiyi münasibətilə iyun ayında Şəki REM-də keçiriləcək tədbirin təşkilati işlərinin icrasına nəzarət Ədəbi-mədəni mühit və folklor şöbəsinə həvalə olunub.
Rəqəmsallaşma və süni intellekt şöbəsinin müdiri Namiq Abdurahmanov isə Azərbaycan Respublikası Prezidentinin “Azərbaycanın yeni rəqəmsal arxitekturası” üzrə vahid fəaliyyət planı, eləcə də “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Fəaliyyət Planı” ilə bağlı qəbul edilmiş qərarlar və AMEA-nın qarşısında duran vəzifələr barədə danışıb.
Elmi Şura rəqəmsallaşma və süni intellekt istiqamətində fəaliyyətin gücləndirilməsi, eləcə də rəqəmsal inkişaf və innovasiya sahəsində əməkdaşlıq əlaqələrinin genişləndirilməsi istiqamətində tədbirlərin həyata keçirilməsinin müvafiq şöbəyə həvalə olunması barədə qərar qəbul edib.
Cari məsələlərdə universitetlərin bakalavr hazırlığı üçün geol-min.ü.f.d. Hüseyn Mustafabəyli tərəfindən hazırlanan "Tətbiqi coğrafiya” proqramı təqdim olunub və onun çap edilməsinə icazə verilib.
İclasda həmçinin Azərbaycanın görkəmli elm xadimi, ədəbiyyatşünas və tənqidçi Yaşar Qarayevin anadan olmasının 90 illiyi münasibətilə Azərbaycan Yazıçılar Birliyinin Şəki bölməsi ilə birgə tədbirin keçirilməsi məsələsi müzakirəyə çıxarılıb. Mövzu ilə bağlı Şəki REM-in İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Reyhan Mənəfova məlumat verib.
Elmi şuranın qərarına əsasən, 2026-cı ilin noyabr ayında bu mövzuya həsr olunmuş elmi-praktiki konfransın keçirilməsi məqsədəuyğun hesab edilib. Bununla bağlı aidiyyəti şöbələrə konfransın təşkili, proqramın hazırlanması və s. işlər istiqamətində müvafiq tapşırıqlar verilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.