Bakı Dövlət Universiteti (BDU), Beynəlxalq Türk Akademiyası, Əl-Fərabi adına Qazax Milli Universiteti, Türk Dil Qurumu, Türk Mədəniyyəti və İrsi Fondunun birgə təşkilatçılığı ilə Qazaxıstanın Almatı şəhərində “Birinci Bakı Türkoloji Qurultayının irsi: Türk dünyasının inteqrasiyasında türkologiyanın rolu” mövzusunda beynəlxalq simpozium keçirilir.
Simpoziumun əsas məqsədi 1926-cı ildə Bakıda keçirilmiş Birinci Türkoloji Qurultayın elmi, tarixi və mədəni irsinin araşdırılması, həmçinin müasir dövrdə türk dünyasında inteqrasiya proseslərinin, ortaq dil, ədəbiyyat, tarix və mədəniyyət məsələlərinin müzakirəsidir.
Tədbirin açılış mərasimi Ə.Fərabi kitabxanasında keçirilib. Açılış nitqində Beynəlxalq Türk Akademiyasının prezidenti, akademik Şahin Mustafayev, Türk dövlətləri təşkilatının baş katibi Kubanıçbek Ömürəliyev, Türksoyun baş katibi Sultan Raey iştirak ediblər.
Tədbirdə Azərbaycan, Qazaxıstan, Türkiyə, Özbəkistan, Qırğızıstan və digər türk dövlətlərindən alimlərin, tədqiqatçıları iştirak ediblər.
Professor Nadir Məmmədlinin moderatorluğu ilə keçirilən iclasda türkologiya elminin aktual problemləri, ortaq əlifba məsələləri, Türk dünyasının humanitar əməkdaşlığı və gələcək perspektivləri ətrafında müzakirələr aparılıb.
Atatürk Mərkəzinin direktoru, akademik Nizami Cəfərov “Azərbaycan və Türk Dünyasında Dədə Qorqud araşdırmalarının perspektivləri”, AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru professor Nadir Məmmədli “Dədə Qorqud Kitabında Köçəri Həyat Tərzinin Epik Təzahürləri” mövzusunda məruzələrlə çıxış ediblər.
Çıxış zamanı professor Nadir Məmmədli Dədə Qorqud eposunda köçəri həyat tərzinin təsvirlərini və bu həyat tərzinin türk xalqının mədəni və sosial həyatına təsirini təhlil edib. Alim eposdakı qəhrəmanların gündəlik yaşam, müharibə, ov və ailə münasibətləri vasitəsilə köçəri mədəniyyətin epik təzahürlərini göstərdiyini vurğulayıb.
Məruzəçi, həmçinin Dədə Qorqud araşdırmalarında epik motivlərin və köçəri həyat anlayışının müasir türk dünyasında ədəbiyyat və folklor tədqiqatları üçün əhəmiyyətini qeyd edib.
Həmçinin kollektiv yaddaş və kimlik, dini və mifoloji qat, məkan və zaman anlayışı çıxışda izah olunub.
Tədbirin sonunda iştirakçılar Nadir Məmmədlinin təqdim etdiyi analiz və nümunələr ətrafında aktiv müzakirələr aparıblar.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.