AMEA Nəsimi adına Dilçilik İnstitutunun Hind-Avropa dilləri şöbəsində 2026-cı ilin may ayında istehsalat təcrübəsi keçən Bakı Avrasiya Universitetinin Filologiya fakültəsinin IV kurs tələbələri üçün müxtəlif mövzularda elmi seminarlar təşkil olunub.
Seminarlarda Hind-Avropa dilləri şöbəsinin əməkdaşları aktual dilçilik mövzuları ilə bağlı məruzələrlə çıxış ediblər.
Şöbə müdiri filologiya elmləri doktoru Lalə Qurbanova “Süni intellektin dillərə inteqrasiyası” mövzusunda çıxış edərək süni intellektin dilçilik sahəsinə təsirindən bəhs edib. O bildirib ki, son dövrlərdə dilçilikdə süni intellekt texnologiyalarından geniş istifadə olunur və bu istiqamətdə aparılan tədqiqatlar dilçilərin diqqət mərkəzindədir. Mövzu ətrafında tələbələrlə geniş fikir mübadiləsi aparılıb.
Aparıcı elmi işçi dosent Gülşən Axundova “Koqnitiv linqvistika” mövzusunda çıxış edərək koqnitiv dilçiliyin müasir dövrdə dilçiliyin ən aktual və intensiv araşdırılan sahələrindən biri olduğunu vurğulayıb. Digər məruzəçi isə şöbənin aparıcı elmi işçisi dosent Sədaqət Cumayeva olub. O, “Alman dilinin fonem sistemi və dilin fonoloji strukturu” mövzusunda məruzəsində fonetika sahəsində eksperimental fonetik təhlilin müasir dilçilik üçün mühüm əhəmiyyət daşıdığını qeyd edib.
Şöbənin böyük elmi işçisi filologiya üzrə fəlsəfə doktoru Sevinc Şükürlü “Dildə konsept məsələsi” mövzusunda çıxış edərək leksik vahidlərin konseptləşməsi prosesini tələbələrə izah edib. Böyük elmi işçi Bəturə Əliyeva isə “Hind-Avropa dilləri ailəsində roman dilləri qrupu” mövzusunda məruzə ilə çıxış edib. O, xüsusilə italyan dilində söz yaradıcılığı, eləcə də roman dillərində leksik vahidlərin oxşar və fərqli cəhətləri barədə məlumat verib.
Seminarlar tələbələr tərəfindən maraqla qarşılanıb, məruzələrdən sonra onları maraqlandıran suallar alimlər tərəfindən cavablandırılıb.