AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda “Elmin populyarlaşdırılması və təhsilə inteqrasiyası” mövzusunda yekun tədbir keçirilib.
Elmin populyarlaşdırılması və təhsilə inteqrasiyası sahəsində maarifləndirici fəaliyyətin təşkili, elmi biliklərin doktorant və dissertantlara çatdırılması, təhsil prosesinə inteqrasiyası və bu istiqamətdə müasir yanaşmaların müzakirəsi məqsədilə institutun Təhsil şöbəsi tərəfindən həyata keçirilmiş tədbiri giriş nitqi ilə təşkilatçı şöbənin müdiri fil.ü.f.d., dosent Xatirə Yusifova açıb, tədbir iştirakçılarını və qonaqları salamlayıb. Çıxışında elmin inkişafının yalnız elmi müəssisələrin daxilində aparılan tədqiqatlarla məhdudlaşmadığını diqqətə çatdıran alim elmi biliklərin cəmiyyətə çatdırılması, gənclərdə elmə marağın artırılması və təhsil sistemi ilə sıx əlaqələndirilməsi prosesinin günümüzün əsas prioritetlərindən biri olduğunu qeyd edib.
“Elm və təhsilin inteqrasiyası ölkənin intellektual potensialının gücləndirilməsində mühüm rol oynayır. Təhsil prosesində müasir elmi yeniliklərin tətbiqi tələbələrin analitik düşüncə qabiliyyətini inkişaf etdirir, onların yaradıcılıq imkanlarını artırır və gələcək peşə fəaliyyətinə daha hazırlıqlı olmalarını təmin edir. Bu baxımdan gənclərə elmi sevdirən, onları araşdırmaya təşviq edən mühit formalaşdırmaq hər birimizin əsas məqsədi olmalıdır.” – deyə alim vurğulayıb. Bildirib ki, tədbirdə səsləndirilən fikir və təkliflər gələcək əməkdaşlıqların genişlənməsinə, yeni layihələrin formalaşmasına və elmin cəmiyyətə daha yaxından təqdim olunmasına öz töhfəsini verəcəkdir.
X.Yusifova, həmçinin institutun Təhsil şöbəsi tərəfindən təşkil olunmuş 3 aylıq “Könüllülük” proqramından bəhs edib, gənclərin könüllülük fəaliyyəti müddətində beynəlxalq elmi-mədəni təşkilatlarla, o cümlədən UNESCO ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən layihə və tədbirlərdə fəal iştiraklarını xüsusilə qeyd edib. Çıxışında tarixi-mədəni irsimizin qorunması, qədim əlyazmaların öyrənilməsi və elmi-tədqiqat sahəsində gənclərin bilik və bacarıqlarının artırılması məqsədilə həyata keçirilmiş proqramın elmi-praktiki əhəmiyyətindən söz açan alim layihə çərçivəsində gənclərin dünya əhəmiyyətli unikal əlyazma nümunələri, institutun müxtəlif şöbələrinin fəaliyyət istiqamətləri, əlyazmaların qorunması, tədqiqi və beynəlxalq səviyyədə təbliği istiqamətində aparılan işlərlə yaxından tanış olduqlarını vurğulayıb.
Tədbirdə çıxış edən təcrübə rəhbərləri – Bakı Slavyan Universitetinin Filologiya fakültəsinin dosenti fil.ü.f.d. Könül Aslanova, fakültənin baş müəllimi Selcan Akdeniz və müəllimi Ayşən Zərbəliyeva tələbələrin müvafiq fənlər üzrə ixtisas səviyyələrinin artırılması və gücləndirilməsi məqsədilə keçirilən bu treninqlərin əhəmiyyətini vurğulayaraq təşkilatçılara təşəkkürlərini bildirib, elmin populyarlaşdırılması və təhsilə inteqrasiyası istiqamətində gələcək birgə əməkdaşlıq layihələri haqda fikirləri ilə bölüşüblər. Tədbirdə həmçinin Əlyazmalar İnstitutunun Türkdilli əlyazmaların tədqiqi şöbəsinin aparıcı elmi işçisi fil.ü.f.d., dosent Aybəniz Rəhimovanın çıxışı dinlənilib.
Çıxışlardan sonra təltifolma mərasimi keçirilib.
İnstitutun bir qrup alim və mütəxəssisləri seminarlarda təqdim etdikləri maraqlı mühazirələri və öz zəngin bilik xəzinəsi ilə elmimizə verdikləri dəyərli töhfələrinə görə AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun “Təşəkkürnamə”si ilə təltif olunublar.
Alimlərlə yanaşı institutun bir qrup əməkdaşına AMEA-nın müəssisələrində “Elmin populyarlaşdırılması və təhsilə inteqrasiyası” sahəsində keçirilən treninqlərin təşkilində göstərdikləri əvəzsiz xidmətlərinə görə elmi-tədqiqat müəssisəsinin “Sertifikat”ı təqdim olunub.
Tədbir çərçivəsində “Könüllülük” layihəsi iştirakçılarının da fəaliyyəti rəhbərlik tərəfindən yüksək qiymətləndirilib. Proqramı müvəffəqiyyətlə başa vuran gənclər elmi-mədəni istiqamətdə verdikləri töhfəyə görə AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun rəsmi sertifikatı ilə təltif olunublar.
Təşəkkürnamə və sertifikatları əməkdaşlara institutun Elmi katibi tarix ü.f.d., dosent Aynur Hacıqədirli və Təhsil şöbəsinin müdiri fil.ü.f.d., dosent Xatirə Yusifova təqdim edib. Sonda təltif olunmuş iştirakçıların xatirə şəkli çəkilib.
Xatırladaq ki, 2026-cı ilin fevral-may ayları ərzində keçirilmiş seminarlarda fil.ü.f.d., dosent Aybəniz Rəhimovanın, fil.ü.f.d. Şəhla Xəlillinin, Əlyazmaların gigiyenası və bərpası laboratoriyasının müdiri Zaur Orucovun, fəl.e.d., dosent Zəkiyyə Əbilovanın, tarix e.d., dosent Tahirə Həsənzadənin, fil.ü.f.d. Samirə Əliyevanın və fəl.ü.f.d., dosent Rübabə Şirinovanın mühazirələri dinlənilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.