Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

26.05.2026 11:04
  • A-
  • A
  • A+

Dilçilik İnstitutunun alimləri “Ana dili: kimlik və gələcək” konfransında məruzələrlə çıxış ediblər

Dilçilik İnstitutunun alimləri “Ana dili: kimlik və gələcək” konfransında məruzələrlə çıxış ediblər

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Elm və Təhsil Nazirliyi və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı, Azərbaycan Milli Elmlər Akademiyasının dəstəyi ilə “Ana dili: kimlik və gələcək” mövzusunda gənclərin iştirakı ilə respublika konfransı keçirilib.

Konfransda ana dilinin milli kimliyin formalaşmasındakı rolu, müasir dövrdə dil siyasəti, rəqəmsallaşma şəraitində Azərbaycan dilinin qorunması və gənclərin nitq mədəniyyətinin inkişaf etdirilməsi məsələləri ətrafında geniş fikir mübadiləsi aparılıb.

Konfransın panel iclaslarında AMEA Nəsimi adına Dilçilik İnstitutunun Türk dilləri şöbəsinin alimləri məruzələrlə çıxış ediblər. Türk dilləri şöbəsinin baş elmi işçisi, filologiya elmləri doktoru Şəbnəm Həsənli-Qəribova “Süni intellekt və rəqəmsallaşan dünyada Azərbaycan dili: problemlər və perspektivlər” mövzusunda məruzə təqdim edib. Məruzədə süni intellekt texnologiyalarının sürətli inkişafı fonunda Azərbaycan dilinin rəqəmsal mühitdə qorunması, dil resurslarının zənginləşdirilməsi və milli dilin texnoloji platformalarda istifadəsinin genişləndirilməsi məsələlərindən bəhs olunub. Eyni zamanda rəqəmsal transformasiya dövründə dilin qarşılaşdığı çağırışlar və bu istiqamətdə həyata keçirilməsi vacib olan elmi-linqvistik tədbirlər diqqətə çatdırılıb.

Türk dilləri şöbəsinin aparıcı elmi işçisi, AMEA Gənclər Akademiyası Beynəlxalq Əməkdaşlıq Assosiasiyasının sədri filologiya üzrə fəlsəfə doktoru Arzu İsgəndərzadə “Ana dili milli məfkurənin aparıcı qüvvəsi kimi və müasir çağırışlar” mövzusunda çıxış edib. Məruzədə ana dilinin milli məfkurənin formalaşması, milli şüurun qorunması və dövlətçilik təfəkkürünün möhkəmləndirilməsindəki rolu elmi aspektdə təhlil olunub. Qloballaşma və rəqəmsal transformasiya şəraitində Azərbaycan dilinin qarşılaşdığı çağırışlar, xüsusilə sosial media və rəqəmsal platformalarda dil normalarının pozulması, yad dil elementlərinin intensivləşməsi məsələləri diqqətə çatdırılıb. Bununla yanaşı, Azərbaycan dilinin rəqəmsal suverenliyinin təmin olunması, dil korpuslarının və texnoloji bazanın inkişaf etdirilməsi, rəqəmsal mühitdə milli dil resurslarının sistemli şəkildə formalaşdırılması və zənginləşdirilməsinin strateji əhəmiyyəti vurğulanıb. Məruzədə həmçinin ana dilində keyfiyyətli uşaq mediasının və maarifləndirici məzmunların hazırlanmasının milli-mədəni dəyərlərin gələcək nəsillərə ötürülməsi baxımından mühüm rol oynadığı qeyd olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: