Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

26.05.2026 18:12
  • A-
  • A
  • A+

Cümhuriyyət dövründə Azərbaycanda əlifba islahatları təşəbbüsləri

Cümhuriyyət dövründə Azərbaycanda əlifba islahatları təşəbbüsləri

Azərbaycan Milli Elmlər Akademiyasının A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunda Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 108-ci ildönümünə həsr olunmuş elmi seminar keçirilib.

Tədbiri institutun elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru İlqar Niftəliyev açaraq bildirib ki, Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın azadlıq və müstəqillik iradəsinin ən parlaq nümunəsidir. Elmi işlər üzrə direktor müavini deyib ki, cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, cümhuriyyət Şərqdə ilk parlamentli respublika kimi tarixə düşərək Azərbaycanın dövlətçilik ənənələrinin formalaşmasında mühüm rol oynayıb. İlqar Niftəliyev vurğulayıb ki, bu gün müstəqil Azərbaycanın əldə etdiyi uğurların təməlində məhz AXC-nin qoyduğu siyasi və milli ideyalar dayanır.

Seminarda Azərbaycan Xalq Cümhuriyyətinin tarixi şöbəsinin müdiri, tarix elmləri doktoru, dosent Kamran İsmayılov “Cümhuriyyət dövründə Azərbaycanda əlifba islahatları təşəbbüsləri” mövzusunda məruzə ilə çıxış edib. Şöbə müdiri bildirib ki, qısa müddət mövcud olmasına baxmayaraq Azərbaycan Cümhuriyyəti ictimai həyatın bütün sahələrində olduğu kimi, mədəni maarif sahəsində də çox böyük işlər görüb. Cümhuriyyət hökumətinin bu sahədə həyata keçirdiyi mühüm tədbirlər arasında mədəni-maarif müəssisələrinin, dövlət aparatının milliləşdirilməsi, Azərbaycan türk dilinin dövlət statusunun möhkəmləndirilməsi idi. Qarsıda qoyulan əsas vəzifələrdən biri də yeni əlifba islahatı idi. Bu istiqamətdə həm hökumət səviyyəsində, həm də ayrı-ayrı ziyalılar tərəfindən müxtəlif layihələr irəli sürülür, mətbuat səhifələrində geniş müzakirələr aparılırdı. Bu məsələ ətrafında gedəm müzakirələrin əsası mövcud ərəb qrafikalı əlifbanın Azərbaycan dilinin fonetik, qrammatik qaydalarına, ahəng qanununa uyğun gəlməməsinə görə dəyişdirilərək latın dili qrafikasına keçirilməsindən ibarət idi. “Azərbaycan” qəzetində və digər qəzetlərdə Abdulla Əfəndizadə, Məhəmməd Ağa Şahtaxtinski, Tofiq Nurəddin Ağayev, Fərhad Ağazadə, Abdulla Tağızadə, Yusif Vəzirov və başqa müəlliflər məqalələrlə çıxış edərək əlifba islahatının Azərbaycan xalqının mədəni inkişafının əsas şərtlərindən biri olaraq əsaslandırır, bununla bağlı çox ciddi arqumentlər ortaya qoyurdular. Bu baxımdan görkəmli publisist, maarif xadimi Fərhad Ağazadənin fikirlər bir çox məziyyətlərinə görə bu gün də öz aktuallığını itirməmişdir. Əlifba layihəsinin müəllifləri ərəb əlifbasında saitləri ifadə edən hərflərin olmamasını, eyni səs üçün müxtəlif işarələrdən istifadə edilməsini, artıq hərflərin olduğunu, oxu və yazının çətinliyini nəzərə alaraq əhalinin savadlanması işində ərəb əlifbasının əsas maneələrdən biri olduğunu bildirirdilər.

Kamran İsmayılov qeyd etdi ki, əlifba islahatı, hər şeydən öncə, maarifçilik, xalq təhsilinin milliləşdirilməsi sahəsində hökumətin qarşısında duran vəzifələrin həyata keçirilməsinə birbaşa xidmət etməli idi. İctimai təşəbbüsləri nəzərə alaraq Azərbaycan hökuməti X.Məlikaslanovun sədrliyi ilə əlifba islahatı komissiyası yaratmış, komissiyada təqdim olunan layihələri geniş müzakirə edilərək hökumətə təqdim edilmişdi. Komissiyanın əsas məqsədi ərəb əlifbasının Azərbaycan dilinə uyğunlaşdırılması, əhalinin savadlandırılması üçün onun daha da asanlaşdırılması, məktəb və maarif sistemində vahid yazı qaydaları yaratmaq idi.

Təqdim olunan layihələr arasında müəllim, millət vəkili, Abdulla bəy Əfəndizadənin hazırladığı variant bəyənilmiş və yeni əlifba üçün əsas kimi qəbul olunmuşdu. A.Əfəndizadə əlifba islahatı, xüsusilə latın əlifbasına keçidin zəruriliyi ilə bağlı 1919-cu ildə Bakıda “Son türk əlifbası” adlı dərslik də nəşr etdirmişdi. Dərslikdə o, ilk dəfə olaraq, ərəb və latın qrafikalı əlifbaların müqayisəli şəkildə vermiş, birincinin ana dilimizə uyğunsuzluğunu, ikincinin isə daha münasib olduğunu zəngin dil faktları ilə əsaslandırmışdı. Lakin vaxt məhdudluğu bir çox digər ideya və proqramlar kimi əlifba islahatını da həyata keçirməyə imkan tapmadı. Sovet Azərbaycanı hökuməti cümhuriyyətin əlifba islahatı proqramını tətbiq etmək üçün 1920-ci illərdə müəyyən tədbirlər həyata keçirərək latın qrafikalı yeni əlifba haqqında qərar qəbul etdi”. 

Tədbir iştirakçıları Azərbaycan Xalq Cümhuriyyətinin siyasi, tarixi və mədəni irsi ilə bağlı fikir mübadiləsi aparıblar. Seminar iştirakçıları vurğulayıblar ki, AXC irsinin öyrənilməsi və gələcək nəsillərə çatdırılması milli yaddaşın qorunması baxımından mühüm əhəmiyyət daşıyır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: