Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

04.06.2026 10:19
  • A-
  • A
  • A+

“Akademik Əbdülkərim Əlizadə Azərbaycan şərqşünaslıq elminin banilərindən biri kimi” mövzusunda elmi sessiya keçirilib

“Akademik Əbdülkərim Əlizadə Azərbaycan şərqşünaslıq elminin banilərindən biri kimi” mövzusunda elmi sessiya keçirilib

AMEA-nın akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunda görkəmli şərqşünas alim akademik Əbdülkərim Əlizadənin 120 illik yubileyinə həsr olunmuş “Akademik Əbdülkərim Əlizadə Azərbaycan şərqşünaslıq elminin banilərindən biri kimi” mövzusunda elmi sessiya keçirilib.

Elmi sessiyanı giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, Şərqşünaslıq İnstitutunun direktoru akademik Gövhər Baxşəliyeva Şərqşünaslıq İnstitutunun Azərbaycan elminə görkəmli alimlər bəxş etdiyini və 1958-ci ildə institut yaradılarkən onun ilk direktorunun məhz akademik Əbdülkərim Əlizadə olduğunu deyib. Akademik G.Baxşəliyeva akademik Əbdülkərim Əlizadənin Azәrbaycan mәtnşünaslığının banisi hesab olunduğunu, onun Azərbaycanın orta əsrlər tarixinin, Yaxın Şərq ölkələrinin Səlcuqilər və monqollar dövrünün tanınmış tədqiqatçısı olduğunu bildirib. Alimin mətnşünaslıq sahəsində xidmətlərindən söz açan akademik G.Baxşəliyeva onun Fəzlullah Rəşidəddinin "Came ət-təvarix" və Məhəmməd ibn Hinduşah Naxçıvaninin "Dəstur əl-katib fi təyin əl-məratib"inin elmi-tənqidi mətnlərini hazırıladığını xüsusi qeyd edib.

Şərqşünaslıq İnstitutunun Yazılı abidələrin tədqiqi və nəşri şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Mehdi Kazımov elmi sessiyada “Akademik Əbdülkərim Əlizadənin elmi irsi haqqında” mövzusunda məruzə edib. Mətnşünaslıq sahəsində fəaliyyətin xüsusiyyətlərindən danışan M.Kazımov bu sahədə fəaliyyətdə zəngin təcrübənin, intuisiyanın xüsusi rolunun olduğunu  bildirərək, akademik Əbdülkərim Əlizadədə bu xüsusiyyətlərin yüksək səviyyədə olduğunu və bunun da nəticəsində elmə öz dəyərli töhfələrini verdiyini qeyd edib. Alimin mətnşünaslıq sahəsində ən önəmli işinin Fəzlullah Rəşidəddinin "Came ət-təvarix" əsərinin elmi tənqidi mətnini hazırlaması olduğunu deyən professor, bu ensiklopedik əsərdə Orta Şərq ölkələri, o cümlədən Azərbaycan haqqında geniş məlumatın əks olunduğunu bildirib. Həmçinin 14-cü əsr alimi Məhəmməd İbn Hinduşah Naxçıvaninin "Dəstur əl-katib fi təyin əl-məratib"ini elmi tənqidi mətnini hazırlamasını qeyd edərək, akademikin elə bu iki işinin adını Azərbaycanın elm tarixinə qızıl hərflərlə yazmağa yetərli olduğunu bildirib. Məruzəçi, akademik Ə.Əlizadənin elmdə digər xidmətlərini də xatırladaraq, Nizamişünaslıq sahəsində fəaliyyətini xüsusi qeyd edib.

Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Gülər Qafqazlı elmi sessiyada “Akademik Əbdülkərim Əlizadə Azərbaycanın hüdudlarından kənarda” mövzusunda məruzə edib. Alimin orta əsr Azərbaycanı, Elxanilər dövrü, monqol hakimiyyəti və farsdilli tarixi mənbələrin tədqiqi sahəsində xidmətlərindən danışan G.Qafqazlı onun bu fəaliyyətinin beynəlxalq şərqşünaslıq elmi tərəfindən də yüksək qiymətləndirildiyini bildirib. Yapon şərqşünası Siyiçi Kitiqavanın onun əsərlərini “sovet şərqşünaslığının ciddi elmi nailiyyətlərindən biri” kimi xarakterizə etdiyini deyən məruzəçi, müasir tarixçi Harun Yılmazın isə akademik Ə.Əlizadəni sovet dövründə Azərbaycan milli tarix konsepsiyasının formalaşdırılmasında əsas simalardan biri hesab etdiyini vurğulayıb.

Akademik Əbdülkərim Əlizadə haqqında digər görkəmli alimlərin fikirlərini də xatırladan G.Qafqazlı onun əsərlərinin fars, türk və qismən ingilis dillərinə tərcümə edilərək beynəlxalq aləmə yayıldığını vurğulayıb.

Sonra məruzələr ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb. İnstitutun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Laura Orucova və böyük elmi işçi, tarix üzrə fəlsəfə doktoru Bəşarət Bəşirova akademik Əbdülkərim Əlizadə haqqında xatirələrini bölüşüblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: