AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Elmi şurasının iclası keçirilib.
İclası institutun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev açaraq iştirakçıları gündəlikdə duran məsələlərlə tanış edib.
Əbülfəz Quliyev “Lətif Kərimovun 120 illiyinin qeyd edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 30 aprel tarixli Sərəncamının əhəmiyyətini diqqətə çatdırıb, bu çərçivədə AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutu tərəfindən konfransın təşkilinin nəzərdə tutulduğunu vurğulayıb.
Direktor 18-19 iyun tarixlərində Ordubad şəhərində “Qərbi Azərbaycana qayıdış” festival-konqresinin keçiriləcəyini bildirib və bunun tarixi həqiqətlərin təbliği, qayıdış konsepsiyasının elmi əsaslarla genişləndirilməsində mühüm rol oynayacağını qeyd edib. Həmçinin Qərbi Azərbaycanın tarixi, mədəni irsi, toponimiyasını əks etdirən sərginin hazırlanması üçün məsul şöbələrə tapşırıqlar verib.
Professor Azərbaycan Respublikasında 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi haqqında Prezidentin müvafiq Sərəncamı ilə bağlı, o cümlədən Azərbaycan memarlığının görkəmli nümayəndəsi, Naxçıvan memarlıq məktəbinin banisi Əcəmi Əbubəkr oğlu Naxçıvaninin 900 illiyi bağlı həyata keçiriləcək təbirlərin əhəmiyyətini vurğulayıb.
İnstitutun elmi işlər üzrə direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Elxan Məmmədov yarımillik hesabatların yerinə yetirilməsinin vəziyyəti haqqında məlumat verib.
İclasda institutun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Zülfiyyə İsmayıl “Elmi əsərlər” jurnalının növbəti sayına məqalələrin hazırlanması və redaksiya prosesinin təşkilinin elmi bazanın formalaşması, akademik nüfuz qazanmaq baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. O, Türkiyə Cümhuriyyətinin Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyası Elmi şurasının 19 may 2026-cı il tarixli qərarını iştirakçıların diqqətinə çatdırıb. Sonra AMEA-nın müxbir üzvü, professor Əbülfəz Quliyevə “Qızıl Ulduz” medalı və dosent Elxan Məmmədova isə “Türk Dünyasının Fəxri Ziyalısı” diplomu və “Qızıl Ulduz” döş nişanı təqdim edilib.
İclasın davamında institutun şöbə müdirləri elmi-tədqiqat işləri, təcrübə rəhbərləri isə tələbələrlə aparılan nəzəri və tətbiqyönümlü fəaliyyətlər barədə fikirlərini bölüşüb, həmçinin dissertanturaya qəbul, ekspedisiyaların təşkili haqqında məsələlər müzakirə olunub.
Daha sonra elmi seminar keçirilib. İclasın sonunda cari məsələlərə baxılıb, institutun gündəlik fəaliyyətinə dair fikir mübadiləsi aparılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.