Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

06.06.2026 15:42
  • A-
  • A
  • A+

100 illik vəsiyyət: Səmərqənd Türkoloji Qurultayı

100 illik vəsiyyət: Səmərqənd Türkoloji Qurultayı

Səmərqənddə Özbəkistan Respublikası Ali Təhsil, Elm və İnnovasiyalar Nazirliyi, Yunus Əmrə İnstitutu, Türk Dil Qurumu, Mərmərə Universiteti və Səmərqənd Dövlət Universitetinin birgə təşkilatçılığı ilə “100 illik vəsiyyət: Səmərqənd Türkoloji Qurultayı” keçirilib.

Qurultay 1926-cı ildə Bakıda keçirilmiş Birinci Türkoloji Qurultayda qəbul edilmiş, lakin dövrün siyasi şəraiti səbəbindən reallaşdırılması mümkün olmayan Səmərqənd Türkoloji Qurultayı ideyasının yüz il sonra həyata keçirilməsi məqsədilə təşkil olunub.

Tədbirdə Türk dünyasının müxtəlif ölkələrindən alimlər, tədqiqatçılar, dilçilər və türkologiya sahəsində fəaliyyət göstərən mütəxəssislər iştirak ediblər. Qurultay çərçivəsində türk dillərinin aktual problemləri, ortaq dil və mədəni irsin qorunması, türkoloji tədqiqatların perspektivləri, eləcə də elmi əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.

Qurultayın əsas məqsədi türk xalqları arasında elmi əlaqələrin möhkəmləndirilməsi, ortaq mədəni dəyərlərin akademik müstəvidə öyrənilməsi və gələcək əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi olub.

Tədbirdə AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru professor Nadir Məmmədli “1926-cı il I Türkologiya Qurultayı: tarixi zəmində, arxiv sənədlərində və milli mətbuatda” mövzusunda məruzə edib. Professor Nadir Məmmədli çıxışında qurultayın türk xalqlarının elmi-mədəni inteqrasiyasında mühüm rol oynadığını vurğulayıb. Məruzədə tədbirin tarixi əhəmiyyəti, arxiv sənədləri və dövrün milli mətbuat materialları əsasında geniş təhlil olunub. Professor qurultayın Azərbaycan elmi fikir tarixində xüsusi yer tutduğunu və onun irsinin bu gün də aktuallığını qoruduğunu diqqətə çatdırıb. Nadir Məmmədli vurğulayıb ki, türkoloji araşdırmaların inkişafı, türk dillərinin öyrənilməsi və qorunması, ortaq elmi layihələrin həyata keçirilməsi müasir dövrdə xüsusi əhəmiyyət kəsb edir. Bildirilib ki, Türk dünyasının alimlərinin bir araya gəldiyi belə mötəbər elmi platformalar qarşılıqlı əməkdaşlığın genişlənməsinə, ortaq elmi irsin daha dərindən araşdırılmasına və yeni tədqiqat istiqamətlərinin müəyyənləşdirilməsinə mühüm töhfə verir.

Tədbirdə akademik Nizami Cəfərovun “Azərbaycan türkləri Birinci Türkologiya Qurultayında” və professor İsmayıl Kazımovun “I Türkologiya Qurultayının türkologiyanın sonrakı dövrünə təsiri” mövzularında, “Ədəbiyyat” qəzetinin baş redaktoru Azər Turanın məruzələri dinlənilib.

Azər Turan”I Bakı Türkoloji Qurultayı günlərində Əli bəy Hüseynzadənin yazdığı notlar” mövzusunda çıxışında bildirib ki, həmin dövrün daha dərindən öyrənilməsi baxımından bu sənədlər xüsusi əhəmiyyət daşıyır.

Əli bəy Hüseynzadənin qeydləri qurultayın gedişini, müzakirə olunan məsələləri və iştirakçıların fəaliyyətini əks etdirən qiymətli tarixi mənbələrdir. Bu notlar vasitəsilə biz yalnız qurultayın rəsmi sənədlərini deyil, həm də onun canlı elmi mühitini və dövrün düşüncə tərzini daha aydın görə bilirik.

Məruzə göstərir ki, Əli bəy Hüseynzadə türk xalqlarının dil, mədəniyyət və mənəvi birliyi ideyasına böyük önəm verib. Onun qeydləri Türkoloji Qurultayın məqsəd və vəzifələrinin öyrənilməsində mühüm elmi material kimi çıxış edir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: