AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu, Xəzər Universiteti və Mövlana Ədəbi-Fəlsəfi Araşdırmalar İnstitutunun (MƏFAİ) birgə təşkilatçılığı ilə dahi Azərbaycan şairi Xaqani Şirvaninin anadan olmasının 900 illiyinə həsr edilmiş “Xaqani Şirvani 900 – Sələflər və xələflər: Orta əsr əlyazmaları və Azərbaycan mədəniyyətinin tarixi problemləri” mövzusunda respublika elmi konfransı keçirilib.
Xəzər Universitetinin “Konfrans zalı”nda baş tutmuş tədbiri giriş nitqi ilə Mövlana Ədəbi-Fəlsəfi Araşdırmalar İnstitutunun direktoru fil.ü.f.d. Fəridə Seyidova açaraq konfrans iştirakçılarını salamlayıb. Tədbirin elmi və mədəni əhəmiyyətindən söz açan alim keçirilən konfransın həm dahi mütəfəkkirin zəngin bədii irsinə işıq tutmaq, həm də elmi qurumlar arasında əməkdaşlığı gücləndirmək baxımından böyük önəm daşıdığını diqqətə çatdırıb. Bildirib ki, Xaqani irsinin yenidən və müasir baxış bucağı altında araşdırılması ədəbiyyatşünaslığımız üçün mühüm hadisədir.
AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi katibi tarix ü.f.d., dosent Aynur Hacıqədirli çıxışında klassik irsimizin öyrənilməsində bu cür konfransların keçirilməsinin müstəsna rolunu vurğulayıb. Alim bu formatda keçirilən elmi görüşlərin gənc nəslin milli-mənəvi dəyərlərə bağlılığı və klassik poeziyamızın dərindən mənimsənilməsi baxımından böyük əhəmiyyət kəsb etdiyini xüsusi vurğulayıb. Xaqani yaradıcılığının təkcə Azərbaycan ədəbiyyatının deyil, bütövlükdə Şərq söz sənətinin zirvələrindən biri olduğunu diqqətə çatdıran elmi katib dahi şairin əsərlərinin yalnız yüksək bədii-estetik keyfiyyətləri ilə deyil, həm də zəngin ictimai-mədəni məzmunu, intellektual tutumu və irfani qatları ilə seçildiyini vurğulayıb.
Tədbirdə, həmçinin AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Ortaq başlanğıc və İntibah dövrü Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri fil.e.d., professor İmamverdi Həmidovun “Xaqani Şirvaninin ərəbdilli yaradıcılığı” və həmin şöbənin aparıcı elmi işçisi fil.ü.f.d. Elnarə Zeynalovanın “Xaqaninin əsərlərinin ilk tərcüməçiləri” mövzularında məruzələri dinlənilib.
Rəsmi hissədən sonra konfrans bölmə iclasları ilə öz işinə davam edib. Panel iclaslarda mətnşünaslıq, mənbəşünaslıq, tarixşünaslıq, ədəbiyyatşünaslıq, folklorşünaslıq, türkologiya, mədəniyyətşünaslıq, fəlsəfə və teologiya bölmələri üzrə məruzələr təqdim olunub. Alim və mütəxəssislərimiz Xaqani Şirvaninin ədəbi irsi, onun yaradıcılığının sənətkarlıq xüsusiyyətləri, əsərlərinin dünya dillərinə tərcüməsi və yayılma coğrafiyası, dünya ədəbiyyatşünaslığında Xaqani yaradıcılığı və dahi şairin irsi ilə bağlı digər aktual mövzuları əhatə edən məruzələrlə çıxış ediblər.
Sonda məruzəçilər konfransda fəal iştiraklarına və məhsuldar çıxışlarına görə təşkilatçı qurumların “Sertifikat”ına layiq görülüblər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.