Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

09.06.2026 15:54
  • A-
  • A
  • A+

Naxçıvan Bölməsinin əməkdaşları “Şəhərsalma və Memarlıq İli” çərçivəsində keçirilən tədbirdə iştirak ediblər

Naxçıvan Bölməsinin əməkdaşları “Şəhərsalma və Memarlıq İli” çərçivəsində keçirilən tədbirdə iştirak ediblər

İyunun 9-da “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi, AMEA Naxçıvan Bölməsi və Kəngərli Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Qarabağlar Türbə Kompleksi qədim Azərbaycan memarlığının nadir incilərindən biri kimi” mövzusunda tədbir keçirilib.

Tədbirdə Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi Aparatının Mədəniyyət və mədəni irs şöbəsinin müdiri Pərvin Həsənov və Kəngərli Rayon İcra Hakimiyyəti başçısının müavini – Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Cəlil Rüstəmov çıxış ediblər.

AMEA-nın Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun baş elmi işçisi, tarix elmləri doktoru, dosent Zeynəb Quliyeva “Qarabağlar türbəsi tarixi yaddaş və milli dəyərlər kontekstində” mövzusunda çıxış edərək Azərbaycan Respublikasında 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsinin Azərbaycanın çoxəsrlik tarixə malik şəhərsalma və memarlıq mədəniyyəti ənənələrinin yaşadılması baxımından əhəmiyyətini vurğulayıb. 

Qeyd edilib ki, XII–XIV əsr Şərq memarlığının nadir incilərindən olan Qarabağlar Türbə Kompleksi xalqımızın zəngin memarlıq mədəniyyətini, bədii təfəkkürünü və tarixi dövlətçilik ənənələrini qoruyub saxlayan mədəni irs nümunəsidir. Qarabağlar, eləcə də onunla eyni dövrə məxsus Bərdə və Ərdəbil (Şeyx Səfi) türbələri əsasən Elxanilər (Hülakülər) dövrünə aid olub, kərpic hörgüsü, kaşı bəzəkləri və kitabə qurşaqları ilə seçilən Azərbaycan-Şərq memarlıq məktəbinin şah əsərləridir. Qarabağlar türbəsi həm də Türk-İslam mədəniyyətinin estetik prinsiplərini əks etdirməklə əcdadlarımızın dünyaya baxışını, fəlsəfi düşüncəsini və əbədiyyət inancını, bir sözlə milli dəyərlərini özündə təcəssüm etdirir.

Zeynəb Quliyeva vurğulayıb ki, Azərbaycan şəhərsalma və memarlığının inkişafında Ümummilli Lider Heydər Əliyevin xidmətləri əvəzsizdir. Ulu Öndərin təşəbbüsü ilə tarixi şəhərsalma ənənələrinin qorunub saxlanılması ilə bağlı vacib qərarlar qəbul edilib, tədbirlər həyata keçirilib, tarixi abidələrimiz dünyaya tanıdılıb. Qarabağlar Türbə Kompleksi də “Naxçıvan Məqbərələri” tərkibində 30 sentyabr 1998-ci ildən UNESCO-nun Təcili Qorunmaya Ehtiyacı olan Maddi-Mədəni İrsin İlkin siyahısına daxil edilib.

Bildirilib ki, hazırda ölkə başçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərdə yeni şəhərlərin salınması, milli-mədəni irsin qorunması ilə bağlı genişmiqyaslı işlər həyata keçirilir.

Tədbir bədii hissə ilə davam edib, Kəngərli Rayon Mədəniyyət Sarayının musiqi kollektivi tərəfindən konsert proqramı təqdim olunub.

Sonda iştirakçılar Qarabağlar Türbə Kompleksi ilə yaxından tanış olub, abidənin memarlıq xüsusiyyətləri və tarixi haqqında ətraflı məlumat əldə ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: