Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun Memarlıq abidələrinin qorunması və bərpası problemləri şöbəsinin elmi işçisi və Azərbaycan Memarlar İttifaqının üzvü Zərnaz İmanzadəyə “İslamın müqəddəs mərkəzi” kitabının nəşr olunması münasibətilə təbrik məktubu göndərib.
Memarlıq və İncəsənət İnstitutunun Memarlıq abidələrinin qorunması və bərpası problemləri şöbəsinin elmi işçisi, Azərbaycan Memarlar İttifaqının üzvü Zərnaz İmanzadə İslam aləmi üçün böyük əhəmiyyət kəsb edən, İslamın müqəddəs məkanlarına həsr olunmuş əsərlərin müəllifidir.
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində İslam sivilizasiyasına, onun zəngin ənənələrinə, memarlıq və incəsənət irsinə həsr olunmuş “İslamın müqəddəs mərkəzi – şəhərsalma və memarlıq” kitabı üç hissəni əhatə edir. Xüsusi qeydlər və etibarlı mənbələrlə zənginləşdirimiş tədqiqat əsəri Məkkə şəhəri, Kəbə və Məscidül-Həramın memarlıq və şəhərsalma problemlərinə, onların tarixən inkişafına həsr olunan qiymətli bir tədqiqat əsəri olmaqla yanaşı, həm də İslamın müqəddəs məkanlarına dair ensiklopedik məlumatları özündə əks etdirir.
Nəşrdə İslam dünyasının mühüm dini və tarixi abidələri haqqında maraqlı və faydalı məlumatlar təqdim olunur. Elmi-praktiki əhəmiyyət daşıyan kitab eyni zamanda ideoloji baxımdan da dəyərli mənbə hesab edilir. Əsərdə dünya müsəlmanlarının müqəddəs mərkəzi olan Məkkə şəhərinin, Kəbənin və Məscidül-Həramın memarlıq-planlaşdırma inkişaf tarixi geniş şəkildə təqdim olunur.
Bu nəşr İslam mədəniyyətinin və memarlıq irsinin öyrənilməsinə maraq göstərən hər kəs üçün dəyərli vəsaitdir.
Bu günlərdə yüksək səviyyədə qeyd olunan “İslamın müqəddəs mərkəzi – şəhərsalma və memarlıq” kitabının təqdimat mərasimi keçirilib. Tədbir müxtəlif qurumları təmsil edən elm, təhsil, mədəniyyət sahələrini əhatə edən nümayəndələrin, eləcə də respublikanın ictimai - siyasi xadimlərinin iştirakı ilə həyata keçirilib.
Maraqlı elmi-tədqiqat işləri təqdim edən Zərnaz İmanzadə hazırda Mədinə şəhərində yerləşən məscid haqqında "Peyğəmbər məscidi" adlı kitabın üzərində işləyir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.