AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Əlyazmaların və əski çap kitablarının tərcüməsi şöbəsinin alim və əməkdaşları Tacikistan Respublikasının Düşənbə şəhərində tacik-fars klassik ədəbiyyatının ilk qadın şairi Rabiyə Bəlxinin 1050 illik yubileyinə həsr olunmuş “Tacik-fars ədəbiyyatında ilk “Divan” sahibi – Rabiyə Bəlxi” adlı beynəlxalq elmi-nəzəri konfransda əyani və onlayn şəkildə iştirak ediblər. Əməkdaşlarımızla yanaşı, konfransa Türkiyə, Özbəkistan, Fransa, Pakistan, İran, Əfqanıstan və bir sıra ölkələrdən alim və mütəxəssislər qatılıb.
Tacikistan Milli Kitabxanasında baş tutmuş konfransda əyani şəkildə iştirak etmiş institutun elmi işlər üzrə direktor müavini, Əlyazmaların və əski çap kitablarının tərcüməsi şöbəsinin müdiri fil.ü.f.d., dosent Əkrəm Bağırov “Rabiyə Bəlxi və Məhsəti Gəncəvi poeziyasının ortaq və fərqli cəhətləri” mövzusunda məruzə edib. Alim təqdim etdiyi məruzədə klassik farsdilli poeziyanın iki görkəmli qadın nümayəndəsi – Rabiyə Bəlxi və Məhsəti Gəncəvinin yaradıcılığını müqayisəli aspektdə təhlil edib, hər iki şairənin poetik dünyası, janr xüsusiyyətləri, mövzu dairəsi, dil və üslub xarakteristikalarını araşdıraraq onların ortaq və fərqli cəhətlərini müəyyənləşdirib.
Bildirib ki, Məhsəti Gəncəvinin şeirlərində ictimai-fəlsəfi məzmun, həyatın faniliyi və azadlıq ideyaları geniş yer tutduğu halda, Rabiyə Bəlxinin yaradıcılığının əsasını fərdi məhəbbət və hisslər təşkil edir. Dil və üslub baxımından Rabiyənin dili sadə və emosional, Məhsətinin dili isə daha aforistik, zərif və bəzən ironistik xüsusiyyətləri ilə seçilir. Müəllif yekunda qeyd edib ki, hər iki şairə qadın yaradıcılığının fərqli istiqamətlərini təmsil etsə də, onların şeirlərinin müqayisəli şəkildə araşdırılması klassik farsdilli poeziyada qadın sözünün inkişaf mərhələlərini əyani şəkildə nümayiş etdirir.
Tədbirdə, həmçinin Tacikistan Milli Elmlər Akademiyasının Rudaki adına Dil və Ədəbiyyat İnstitutunun direktoru Fərangis Şərifzoda, Tacikistan Milli Elmlər Akademiyasının prezidenti akademik Xuşvaxtzoda Qobiljon Xuşvaxt, Tacikistan Respublikası Prezidentinin Sosial İnkişaf və İctimaiyyətlə Əlaqələr üzrə köməkçisinin baş məsləhətçisi Məsrur Abdullozoda və Tacikistan Respublikasının mədəniyyət naziri Matlubaxon Sattoriyon iştirak edib, çıxışlarında klassik tacik-fars ədəbiyyatının görkəmli simalarından biri olan Rabiyə Bəlxinin ədəbi irsinin qorunması və beynəlxalq səviyyədə təbliği istiqamətində keçirilmiş bu konfransın əhəmiyyətini vurğulayıblar.
Tədbir çərçivəsində fil.ü.f.d., dosent Əkrəm Bağırov konfrans iştirakçıları ilə birgə Tacikistan Milli Kitabxanası, burada nümayiş olunan Rabiyə Bəlxi və qədimdən dövrümüzə qədər gəlib çatmış digər tacik qadın söz ustalarının əsərlərindən ibarət sərgi ilə tanış olub.
Konfransa onlayn şəkildə qoşulmuş institutun əməkdaşları – şöbənin baş elmi işçisi fəl.e.d., dosent Zəkiyyə Əbilova “Əttarın yaradıcılığında Rabiyə adlı iki müqəddəs qadın”, böyük elmi işçilər – Kəlamə Abbasova və Xatirə Kərimova isə müvafiq olaraq “Rabiyə Bəlxinin platonik eşqi” və “Rabiyə Bəlxi və Məhsəti Gəncəvi yaradıcılığında qadın kimliyi və poetik azadlıq” mövzularında məruzə ediblər. Təqdim olunan məruzələrdə Şərq ədəbiyyatında və fəlsəfəsində qadın obrazının bədii-poetik təkamülü barədə geniş məlumat verilib. Tədqiqatçılar klassik müəlliflərin əsərlərindəki mənəvi dəyərləri, platonik sevgi məfhumunu və qadın azadlığı mövzusunu müasir elmi baxış bucağından təhlil edərək bu mövzuların fəlsəfi köklərinə işıq tutublar. Məruzələr konfrans iştirakçıları tərəfindən maraqla qarşılanıb, mövzular ətrafında elmi müzakirələr aparılıb.
Sonda əməkdaşlar konfransda fəal iştiraklarına, maraqlı və dolğun çıxışlarına görə təşkilatçı qurumların sertifikatı ilə təltif olunublar.
Qeyd edək ki, beynəlxalq elmi-nəzəri konfrans Tacikistan Milli Elmlər Akademiyası Rəyasət Heyəti və Rudaki adına Dil və Ədəbiyyat İnstitutunun birgə təşkilatçılığı ilə həyata keçirilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.