Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin "Keşikçidağ" Dövlət Tarix-Mədəniyyət Qoruğu, AMEA-nın Arxeologiya və Antropologiya İnstitutu və Qazaxıstan Respublikasının "Ezelgi Taraz" Tarix-Mədəniyyət Muzey-Qoruğunun birgə təşkilatçılığı ilə "Mədəni irs, elmi tədqiqat və gənclər: VI Yay Məktəbi kontekstində Keşikçidağ–Taraz dialoqu" mövzusunda beynəlxalq onlayn seminar keçirilib.
Seminarın əsas məqsədi Azərbaycan və Qazaxıstan arasında mövcud olan ortaq tarixi-mədəni irsin öyrənilməsi və təbliği istiqamətində elmi əməkdaşlığın genişləndirilməsi, mədəni irs sahəsində aparılan tədqiqatların təşviqi, gənclərin elmi və ictimai fəaliyyətlərə cəlb olunmasının dəstəklənməsi, eləcə də iki qardaş ölkənin mədəni irs qurumları arasında təcrübə mübadiləsinin inkişaf etdirilməsi olub.
Tədbir AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi tarix üzrə fəlsəfə doktoru Azad Zeynalovun moderatorluğu ilə baş tutub. Qoruq əməkdaşları, Xəzər Universitetinin könüllüləri, arxeoloq və tarixçilər, universitet müəllimləri, doktorantlar, magistrantlar, tələbələr, muzey və mədəni irs sahəsində çalışan mütəxəssislərin iştirakı ilə baş tutmuş elmi seminarı Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Muzey və qoruqlar şöbəsinin qoruqların idarəedilməsi sektorunun müdiri Mahir Qəhrəmanov açaraq tədbirin iki dövlət arasında əməkdaşlığın gücləndirilməsinə verəcəyi töhfədən, "Ezelgi Taraz" Tarix-Mədəniyyət Muzey-Qoruğunun direktor müavini Yerjan Aksanbayeviç və "Keşikçidağ" Dövlət Tarix-Mədəniyyət Qoruğunun direktoru Musa Mursaquliyev isə tədbirin əhəmiyyətindən bəhs ediblər.
Daha sonra Bakı Dövlət Universitetinin dosenti, tarix üzrə fəlsəfə doktoru Yunis Nəsibli, AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun rəqəmsal inkişaf və süni intellekt üzrə direktor müavini tarix üzrə fəlsəfə doktoru Pərviz Qasımov, institutun aparıcı elmi işçisi tarix üzrə fəlsəfə doktoru Yaqub Məmmədov, "Ezelgi Taraz" Tarix-Mədəniyyət Muzey-Qoruğunun elmi işçiləri - Juldız Şalkeeva, Madina İbadildaeva, tarixçi Akerke Orynbasar, Akdidar Kəribekova, Akgül Altınbekova və Ali Muktasimov öz məruzələri ilə çıxış ediblər.
Tədbir çərçivəsində son beş il ərzində ardıcıl şəkildə həyata keçirilən "Keşikçidağda elmi arxeoloji qazıntılar və Yay Məktəbi" layihələrinin nəticələri geniş şəkildə təqdim edilib. Bildirilib ki, sözügedən layihələr yalnız arxeoloji tədqiqatların aparılması baxımından deyil, həm də gənc tədqiqatçıların praktiki bilik və bacarıqlarının artırılması, mədəni irsin qorunması sahəsində ictimai iştirakçılığın genişləndirilməsi və beynəlxalq elmi əməkdaşlığın möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Seminarda Keşikçidağ ərazisində aparılmış arxeoloji tədqiqatların elmi nəticələri, aşkar edilmiş maddi-mədəniyyət nümunələrinin tarixi əhəmiyyəti, onların elmi dövriyyəyə daxil edilməsi istiqamətində görülən işlər, həmçinin arxeoloji irsin mühafizəsi və gələcək nəsillərə ötürülməsi məsələləri ətrafında müzakirələr aparılıb. Qeyd edilib ki, Keşikçidağ kompleksi Qafqazın qədim tarixinin öyrənilməsi baxımından mühüm elmi potensiala malik olmaqla yanaşı, regionun mədəni müxtəlifliyini və tarixi inkişaf mərhələlərini əks etdirən nadir irs nümunələrindən biridir.
Tədbir zamanı 2026-cı ilin yay aylarında təşkil olunacaq "Keşikçidağda elmi arxeoloji qazıntılar və Yay Məktəbi VI" layihəsinin fəaliyyət istiqamətləri, elmi proqramı, iştirakçıların qarşısında duran vəzifələr və gözlənilən nəticələr barədə ətraflı məlumat verilib. Bildirilib ki, layihə çərçivəsində aparılacaq tədqiqatlar regionun qədim yaşayış və mədəniyyət tarixinin daha dərindən öyrənilməsinə, yeni elmi nəticələrin əldə olunmasına və beynəlxalq elmi əməkdaşlığın daha da genişlənməsinə töhfə verəcəkdir.
Seminar iştirakçıları mədəni irsin qorunması və tədqiqində gənclərin rolunun artırılmasının vacibliyini xüsusi vurğulayıb, bu istiqamətdə beynəlxalq yay məktəblərinin və elmi-təcrübi proqramların əhəmiyyətini qeyd ediblər. Həmçinin ortaq tarixi irsin öyrənilməsi sahəsində Azərbaycan və Qazaxıstan alimləri arasında əməkdaşlığın gələcək perspektivləri barədə fikir mübadiləsi aparılıb.
Tədbirin sonunda iştirakçıların sualları cavablandırılıb, mədəni irsin qorunması, elmi tədqiqatların inkişafı və gənclərin bu sahədə fəal iştirakının təmin edilməsi istiqamətində birgə layihələrin davam etdirilməsinin vacibliyi vurğulanıb. Həmçinin seminarda iştirak edən məruzəçi və tələbələrə hər iki qoruq tərəfindən beynəlxalq sertifikat təqdim edilib.
Seminar qarşılıqlı elmi müzakirələr və səmərəli fikir mübadiləsi şəraitində başa çatıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.