Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

20.06.2026 09:02
  • A-
  • A
  • A+

AMEA əməkdaşının əsəri əsasında Rusiyada hazırlanmış tamaşa beynəlxalq teatr müsabiqəsində qalib olub

AMEA əməkdaşının əsəri əsasında Rusiyada hazırlanmış tamaşa beynəlxalq teatr müsabiqəsində qalib olub

AMEA-nın “Elm” Nəşriyyatının direktor müavini Vüqar Haqverdiyevin yazdığı “Pis uşaqlar planeti” pyesi əsasında hazırlanmış "Düzəlmə planetinə səyahət" ("Путешествие на планету исправлений") tamaşası Rusiyada keçirilən "Mir Teatra" VI Beynəlxalq Teatr Sənəti Müsabiqəsində "Teatr yaradıcılığı – Tamaşa" nominasiyasında I dərəcəli laureat olub.

Müsabiqə İ.S.Turgenev adına Xeyriyyə Fondunun təşkilatçılığı, Rusiya Federasiyasının Mədəniyyət Nazirliyi, Maarif Nazirliyi, Dövlət Dumasının Mədəniyyət Komitəsi və digər rəsmi dövlət təşkilatlarının dəstəyi ilə cari ilin 1–15 iyun tarixlərində Moskvada onlayn formatda həyata keçirilib. Müsabiqənin münsiflər heyətində Avstriya və Rusiyanın tanınmış teatr xadimləri, rejissorları və incəsənət mütəxəssisləri təmsil olunublar.

Müsabiqədə özünəməxsus rejissor yozumu, aktyor oyunu və dərin dramaturji məzmunu ilə fərqlənən sözügedən tamaşa Rusiyanın Xantı-Mansi Muxtar Dairəsinin Nefteyuqansk şəhərində fəaliyyət göstərən “Çayka” Gənclər Teatr-Studiyasında səhnələşdirilib. Tamaşada studiyanın müxtəlif yaş qruplarını təmsil edən istedadlı aktyorlar çıxış ediblər.

Səhnə əsərinin quruluşçu rejissoru teatrın rəhbəri Larisa Miroslavina, tərtibatçı rəssamı Marina Vixrova, işıq rejissoru Sergey Katanenko, səs rejissoru isə Konstantin Fridrixdir. Səhnə arxasında aktyorların və texniki heyətin koordinasiyasını rejissor köməkçiləri Mixail Nefedov və Violetta Proxorova həyata keçiriblər.

Müsabiqə çərçivəsində teatrın rəhbəri Larisa Miroslavina və pyesin müəllifi Vüqar Haqverdiyev peşəkar fəaliyyətlərinə və teatr sənətinin inkişafına verdikləri töhfəyə görə xüsusi təşəkkür məktubları ilə təltif olunublar. Tamaşada iştirak edən aktyorlara isə fərdi diplomlar təqdim edilib.

Azərbaycanlı müəllifin qələmə aldığı əsərin Rusiya regionlarında  səhnə həyatı tapması və həmin əsər əsasında hazırlanan tamaşaların beynəlxalq səviyyəli teatr müsabiqələrində qalib olması Azərbaycan dramaturgiyasının xarici ölkələrdə uğurla təmsil olunmasının və müasir Azərbaycan müəlliflərinin əsərlərinə olan marağın daha bir nümunəsidir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: